F1 azarkeşlərinə eksklüziv yarış otağında gecələmə imkanı FOTOLAR

F1 azarkeşlərinə eksklüziv yarış otağında gecələmə imkanı FOTOLAR

2005-ci ildən etibarən "McLaren-Honda" Formula 1 heyətinin fəxri tərəfdaşı olan "Hilton" hər il yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində F1 azarkeşləri üçün xüsusi yarış otağı hazırlayır. SİA-nın məlumatına görə, Bakı Şəhər Halqasının uğurlu fəaliyyəti və Formula həvəskarlarının 2017-ci il Azərbaycan Qran Prisinə artan marağını nəzərə alaraq, bu il sözügedən layihə üçün məhz Bakı şəhəri seçilib.

Yarışların ən öncül simalarının daim seçdiyi məkan olan Hilton bu uğurlu tərəfdaşlığı qeyd etmək və 2017 Formula 1 Azərbaycan Qran Prisini daha geniş kütlələrə tanıtmaq məqsədilə turistlərə xüsusi "McLaren-Honda" dizaynlı otağında gecələmək imkanı yaradır. Bu otağın hər bir guşəsi sürücülərin istifadə etdikləri orijinal əşyalarla bəzədilib. Məşhur Formula 1 pilotu Fernando Alonsonun yarış uniforması və başlığı, "McLaren-Honda" sükan çarxı, Pirelli təkərləri, pilotların adları həkk olunmuş hamam xalatları, "McLaren-Honda" heyətinin yarış tarixini əks etdirən kitab və digər maraqlı əşyalar otaqda qalmaq istəyən qonaqların istifadəsindədir.

İstənilən F1 azarkeşinin xəyallarını bəzəyəcək bu otaq həmçinin yarışın Pit binası və Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərəsi ilə də diqqəti cəlb edir. Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu Baku 2017 F1 həyəcanını, pit- stop əməliyyatlarını, startdakı qrid düzülüşünü və finiş xəttini birbaşa görə biləcəklər.

Bakı "McLaren-Honda" otağında gecələmək imkanı "Hilton" brendinin "Hilton Honors" sadiqlik proqramına üzv olan turistlər üçün təklif olunub və dünyanın hər bir yerindən olan milyonlarla turistə 2017 Formula 1 Azərbaycan Qran Pri yarışını tanıtmaq üçün daha bir imkan yaradır. Layihə ölkəmizin turizm potensialını nümayiş etdirib mövcud imkanları təbliğ edərək azarkeşləri paytaxtımıza səfər edib yarışı burada izləməyə həvəsləndirmək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə