"Neftçi" nüfuzlu yarışa dəvət alıb

"Neftçi" PFK-nın aşağı yaş qruplarından ibarət komandaları Rusiyanın Soçi şəhərində keçirilən "Kuban Kuboku 2010" beynəlxalq turnirinə dəvət alıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər il 9-16 yaşlı uşaq və yeniyetmələr arasında təşkil olunan bu nüfuzlu yarışda Rusiya və MDB-nin tanınmış klubları mübarizə aparırlar. Bu dəfə "Kuban Kuboku 2010" turnirinə 1994-2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar dəvət olunublar. Yarışda yerli "Spartak", "Dinamo", "Lokomotiv", "Zenit", "Rubin", eləcə də Ukraynanın "Şaxtyor", "Dnepr", Belarusun "Minsk" və digər klubların uşaq-yeniyetmə kollektivlərinin iştirakı gözlənilir. "Kuban Kuboku 2010" bu il 25 oktyabr - 9 noyabr aralığında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə