Fuad Zeynalov: “Sərhədçi İdman Olimpiya Mərkəzi yeni açılmasına baxmayaraq, böyük uğurlara imza atıb” - FOTOSLAYD

Sərhədçi İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya, ikiqat Avropa çempionu, baş leytenant Fuad Zeynalovun SİA-ya müsahibəsi:

 

 

- Fuad müəllim, öncə idmançı, daha sonra isə məşqçilik kariyeranız barədə bilmək istərdik...

 

- İdmançı kimi böyük uğurlar qazanmışam. 2008-ci ildə kinkboks üzrə dünya kubokunun sahibi oldum. Bir il sonra dünya çempionatına qatıldım. Yarışda rəqiblərimə heç bir şans vermədim və dünya çempionu oldum. İki dəfə Avropa çempionu adına layiq görülmüşəm. İdmançı fəaliyyətimdən sonra məşqçi kimi fəaliyyət göstərirəm. Hazırda həm idmançı, həm də məşqçi kimi çalışıram. Sərhədçi İdman Olimpiya Mərkəzində isə baş məşqçi vəzifəsinə təyin olunmuşam.

 

 

- Sərhədçi İdman Olimpiya Mərkəzində çalışdıqdan sonra hansı uğurlara imza atmısınız?

 

- Sərhədçi İdman Olimpiya Mərkəzi yeni açılmasına baxmayaraq, böyük uğurlara imza atıb. Kikboksinq idman növündə isə uğurlarımız daha çox olub. "Sərhədçi" klubunun yetirməsi Pərviz Abdullayev 2009-cu ildə WAKO versiyası üzrə dünya çempionu olub. Bu çempionatda Pərviz Pekində keçirilən dünya döyüş növləri ümumdünya oyunlarına lisenziya qazanıb. O, ümumdünya oyunlarında da uğurlu çıxış edərək, çempion olub. İki min idmançının iştirak etdiyi yarışda 3 qızıl medal qazandıq.

 

- Sərhədçi İdman Olimpiya Mərkəzində hansı növlər üzrə məşqlər keçilir və "Sərhədçi" klubunda neçə idmançı məşq edir?

 

- Burada bütün idman növləri fəaliyyət göstərir. Yeniyetmələr, gənclər və kişilərdən ibarət komandlarımız var. 80-ə yaxın idmançı burada məşqlər keçir.

 

- "Sərhədçi" klubunun yetirmələrini qarşıda hansı yarışlar gözləyir?

 

- "Sərhədçi" idmançılarımız oktyabrın 17-dən  24-dək kikboksinq üzrə Avropa çempionatında iştirak edəcəklər. Orada ən yüksək uğur qazanmağa namizəd 71 kq çəki dərəcəsində yarışan Pərviz Abdullayevdir. Daha sonralar isə idmançılarımız digər yarışlarda da mübarizə aparacaqlar.

Sərhəd Qoşunların Komandanı, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin və Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Rövşən Kərimovun böyük dəstəyi və qayğısı nəticəsində idmançılarımız bütün yarışlara qatıla bilirlər və yüksək nailiyyətlər əldə edirlər.

 

- Bəs özünüzlə bağlı gələcək planlarınız varmı?

 

- Gələcəkdə peşəkar döyüşçü kimi yarışlara qatılmaq istəyirəm. Daha sonra idmançı kariyeramı yekunlaşdırıb yalnız məşqçi kimi fəaliyyət göstərmək niyyətindəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...