AGF rəsmisi: “Bakı-2017”dəki nailiyyətlər idmançılarımızda böyük stimul yaradıb” AÇIQLAMA

AGF rəsmisi: “Bakı-2017”dəki nailiyyətlər idmançılarımızda böyük stimul yaradıb” AÇIQLAMA

“Milli komandamızın üzvləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarındakı uğurlu çıxışlarından sonra növbəti yarışlara hazırlaşırlar. “Bakı-2017”dəki nailiyyətlər idmançılarımızda yüksək əhval-ruhiyyə, özünəinam və gələcək turnirlərdə yüksək nəticələr göstərmək üçün böyük stimul yaradıb. Bu da psixoloji cəhətdən çox önəmlidir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat katibi Mayis Musayev deyib.

Onun sözlərinə görə, milli komandalarımız artıq bu həftədən Olimpiya Güləş Mərkəzində növbəti təlim-məşq toplanışına başlayıb: “Pəhləvanlarımız gələn ay Bakıda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlaşırlar. Yığma komandalarımız tam heyətlə məşqlərdə iştirak edirlər. Toplanışda məşqçilər korpusunun rəhbərliyi ilə fiziki, texniki və taktiki çalışmalar yerinə yetirilir. Milli komandalarımızda yüksək əhval-ruhiyyə var. Əminəm ki, bu mötəbər yarışda da güləşçilərimiz yüksək nəticələr göstərəcəklər”.

Federasiya rəsmisi bu gündən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət milli komandamızın Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnirdə iştirak etdiyini vurğulayıb: “Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Gürcüstana 10 güləşçimiz yollanıb. Yeniyetlmələrimizdən də medallar gözləyirik. Onu da qeyd edim ki, yeniyetmə güləşçilərimiz iyulun 24-30-da Bosniya və Hersoqovinada Avropa çempionatı, sentyabrın 4-10-da Yunanıstanda dünya çempionatında mübarizə aparacaqlar”.

M.Musayev gənc güləşçilərimizin də qarşıda məsul yarışlarda çıxış edəcəklərini bildirib: “Hazırda gənclərdən ibarət yığma komandalarımız iyunun axırı Almaniyanın Dortmund şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırlar. Gənc pəhləvanlarımız avqustun əvvəlində isə Finlandiyanın Tampere şəhərində dünya çempionatında yarışacaqlar”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə