“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının yekun konfransı keçiriləcək
6 iyun 2017-ci il tarixdə Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilmiş “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının yekun konfransı təşkil ediləcəkdir. SİA-nın verdiyi məlumata görə, ADA Universitetində təşkil olunacaq konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.
Qeyd edək ki, “Gənclər Daha Yaxşı gələcək Uğrunda” Kampaniyası gəncləri BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil, sağlamlıq və gender bərabərliyi məsələlərinə dair məlumatlandırmaq məqsədi daşıyırdı. Kampaniya gənclər arasında təbliğat-təşviqat işinin aparılması vasitəsi ilə dayanıqlı inkişaf məqsədlərinə nail olma prosesində onların rolunun artırılmasına yönəlmişdir.
Kampaniya vasitəsilə gənclərə ötürülmüş məlumatlar onların ehtiyacları əsasında formalaşdırılması üçün layihənin ilk mərhələsində gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri arasında sorğu keçirilmişdir. Bununla yanaşı, Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində 2 günlük təlimlər təşkil olunmuşdur. Kampaniya zamanı statistik məlumatların əks olunduğu info-qrafiklər sosial şəbəkələr vasitəsilə yayımlanmışdır. Həmçinin, keyfiyyətli təhsil, gender bərabərliyi, yaxşı səhiyyə və rifah məqsədləri üzrə 3 sosial video-çarxlar hazırlanmış və ictimaiyyətə təqdim olunmuşdur. Kampaniya çərçivəsində, eyni zamanda, “Məqsədlərə doğru birlikdə!” adlı sosial aksiya keçirilmişdir. Gün ərzində davam edən bu tədbirdə musiqili proqram çərçivəsində müxtəlif tanınmış simalar çıxış etmiş, 17 dayanıqlı inkişaf məqsədləri barədə gənclərə çağırışlar etmiş və gəncləri “Həmrəylik lövhəsinə” imza atmağa dəvət etmişlər. Aksiya zamanı həmçinin, mövzu ilə bağlı müxtəlif viktorinalar keçirilmiş və qalib gənclərə hədiyyələr təqdim olunmuşdur. Ümumilikdə 1.035 gənc lövhəyə imza ataraq Dayanıqlı İnkişaf Məqsədlərinə öz dəstəyini nümayiş etdirmişlər.
Konfransda “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasnın 15 noyabr 2016 - 15 iyun 2017-ci il hesabat müddətini əhatə edən fəaliyyətlərinin hesabat video-çarxı da təqdim olunacaqdır. Kampaniya haqqında daha da ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə etmək olar: http://www.nayora.az/announcements2,172/lang,az/
6 oktyabr 2016-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB