Rəhim Əliyev: “Bu il Bakıda təqvimin ən maraqlı Formula 1 yarışı baş tutacaq” AÇIQLAMA

Rəhim Əliyev: “Bu il Bakıda təqvimin ən maraqlı Formula 1 yarışı baş tutacaq” AÇIQLAMA

“Builki mövsüm Formula1-in turbinli hibrid mühərriklərə keçidindən sonra ən maraqlı mövsümdür. Çünki qələbə uğrunda iki komanda mübarizə aparır. Son 3 ildə isə qələbə uğrunda əsasən “Mercedes AMG” komandasının sürücüləri yarışırdılar”. Bunu SİA-ya açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.

Onun sözlərinə görə, bu il “Ferrari” komandası kompleks işlər görüb: “Ferrari” həm maşının aerodinamikası, həm də güc qurğusunu radikal yenilənib. İndi komanda bu tərəqqinin bəhərsini qazanmaqdadır. Arxada qalan 6 yarışın yarısını “Mercedes”, yarısını isə “Ferrari” komandası qazanıb. Amma sonuncu Monako yarışı göstərdi ki, “Red Bull” komandası da şəhər tipli yarış meydanlarında liderlərə ciddi rəqib ola bilər. Ona görə də 20 gündən sonra Bakı Şəhər Halqasında qələbə uğrunda mübarizənin məhz bu 3 komandanın sürücüləri arasında gedəcəyini düşünürəm. Bir qədər üstünlüyün “Ferrari”də olması qənaətindəyəm”.

R.Əliyev vurğulayıb ki, keçən illə müqayisədə builki maşınların eni 20 sm artıb, təkərlər isə orta hesabla 25% enlənib: “Ona görə də təqvimdə ən dar hissə olan Bakı Şəhər Halqasının 8-ci və 12-ci döngələri aralığnda yeni maşınların davranışını hamı maraqla gözləyir. Bu il Bakıda təqvimin ən maraqlı Formula 1 yarışı baş tutacaq. Keçən il uzun düzlükdə şəhər trasları arasında sürət rekordu əldə olundu. Builki maşınlar ümumən bir dövrədə sürəti artırsalar da, maksimal sürətləri elə də artmayıb. Bunun səbəbi enli maşınların enli təkərlərlə döngələrdə az vaxt itirməsidir. Ona görə də dövrəvi nəticələr yaxşılaşıb. Amma, eyni zamanda, enli maşının enli təkərlərlə havaya qarşı müqavimətinin artması maksimal sürəti artırmağa imkan vermir. Həm də nəzərə almaq lazımdır ki, çempionatın vahid təkər təchizatçısı “Pirelli” şirkətinin bu il hazırladığı təkərlər keçən illə müqayisədə daha bərk, yəni daha yavaşdır. Bu da maksimal sürətin əldə olunmasına mane olur”.

Mütəxəssis bu il də yeni rekrodların müəyyən ediləcəyinə ümid etdiyini bildirib və bütün azarkeşləri Azərbaycan Qran Prisini canlı izləməyə dəvət edib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə