Dmitri Kramarenko: "“Neftçi”, “Xəzər-Lənkəran”, “Bakı” və “Qarabağ” komandalarının oyun səviyyələrində böyük fərq görmürəm" - MÜSAHİBƏ

"İnter" klubuna yeni transfer olunmuş qapıçı Dmitri Kramarenko klubun rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni nəzərinizə çatdırır:

- Necə oldu ki, "İnter" komandasına keçdiniz?

- Bu, çoxdan planlaşdırılmışdı, mən "Xəzər-Lənkəran"da oynadığım vaxtda, lakin o zaman klubla qüvvədə olan müqaviləm vardı və bu fakt keçidimi razılaşdırmağa imkan vermirdi. Yayda Ağasəlim Mircavadov istefaya gedəndən sonra yeni məşqçi gəldi və o, özülə Lənkərana vaxtilə Buxarestin "Dinamo" komandasında birlikdə çalışdığı 6-7 futbolçunu, o cümlədən qapıçını gətirdi. O zaman anladım ki, digər klub axtarmalıyam. "İnter"in nümayəndələrilə görüşdük, müqaviləni müzakirə etdik və müqavilənin bütün maliyyə şərtlərini razılaşdırdıq.

- "İnter"ə keçidinizin təşəbbüskarı kim oldu?

-"İnter"in rəhbərliyi və bilavasitə baş məşqçi Kaxaber Tsaxadadze.

-Sizin Moskva klublarının birində qapıçılarla məşqçi işləmək təklifiniz vardı...

-Bəli, vardı. Gizlətmirəm. Moskvadan təklif almışdım, axı, orada mənim mənzilim, ailəm var. Mən razılaşmaq istəyirdim, ancaq ailəmlə məsləhətləşəndən sonra futbolçu karyeramı davam etdirməyə və "İnter"ə keçməyə qərar verdim. Nə qədər ki, gücüm var, oynayacağam!

-Yeni komandaya uyğunlaşma necə keçdi?

-Sentyabr ayında 36 yaşım tamam olacaq. Bu yaşda hansı uyğunlaşmadan danışmaq olar? Məni hamı alicənab adam kimi tanıyır. "İnter"də yaxşı, mehriban kollektiv var.

-"İnter"də çoxlarını səxsən tanıyırsınız...

-Bəli, Camal Məmmədovu, Nizami Hacıyevi, Valeri Abramidzeni tanıyıram. Georgi Lomaya yaxşı qapıçıdır. Təbii ki, Kaxaber Tsaxadadzeni də tanıyıram. Bir də ki, onunla eyni komandada oynamışıq! O zaman mən karyeramın başlanğıcında onunla Moskva "Dinamo"sunda qarşılaşmışdım. Biz birlikdə 2-3 matç oynadıq, sonra Almaniyaya getdi.

-"İnter"i necə qiymətləndirirsiniz?

-Yalnız çempionluq gözləyirəm. Ümumiyyətlə, çempionatda prinsipial mübarizə olacaq, axı, ilk altılıqdakı komandalar çox ciddi kökləniblər və yalnız birinci yer uğrunda oynayacaqlar. Mən "Neftçi", "Xəzər-Lənkəran", "Bakı" və "Qarabağ" komandalarının oyun səviyyələrində böyük fərq görmürəm. Mehriban və güclü kollektivə malik olan komanda qalib gələcək. Həmin komandanın biz olacağına ümid edirəm!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...