Elxan Məmmədov Kapital Bankın İdarə Heyətinin sədri ilə görüşüb

Elxan Məmmədov Kapital Bankın İdarə Heyətinin sədri ilə görüşüb
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və Kapital Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov arasında görüş keçirilib. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Kapital Bankın sponsorluğu ilə AFFA tərəfindən ötən il təşkil olunmuş "Kapital Bank U-15 liqa"nın müvəffəqiyyətlə keçirildiyi, uşaq futbolunun inkişafına böyük təkan olduğu, istedadlı uşaqlar arasında seleksiya işinin lazımi səviyyədə aparıldığı, futbolun kütləviliyində mühüm əhəmiyyət kəsb edən bu turnirin ölkəmizdə futbolun inkişafı baxımından xüsusi rolunun olduğu qeyd edilib. Elxan Məmmədov uşaq futbolunun inkişafına dəstək verdiyi üçün AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından Kapital Bankın rəhbərliyinə minnətdarlığını bildirib. "Kapital Bank U-15 liqa"nın püşkatma mərasimini, müxtəlif oyunlarını, final qarşılaşmasını və qaliblərin mükafatlandırılmasını əks etdirən videoçarx nümayiş olunub. Sonda AFFA tərəfindən təşkil olunan U-15 liqasının daha bir il ərzində Kapital Bankın sponsorluğu ilə keçirilməsi və "Kapital Bank U-15 liqa" adlandırılması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, ötən il "Kapital Bank U-15 liqa"sında respublikamızın müxtəlif regionlarını təmsil edən 19 komanda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə