Lənkəranda “Zirvə kuboku” başa çatıb

Lənkəran şəhərində İV ənənəvi "Zirvə kuboku" başa çatıb. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, builki yarışlarda Lənkəran, Bakı, Gəncə, Sumqayıt, Samux, İsmayıllı, Goranboy, Qazax, Qobustan, Şamaxı, Cəlilabaddan 80-dən yuxarı ağır atlet qələbə uğrunda mübarizə aparıb.

Avqustun 27-dən 30-dək davam edən yarışlarda 12-16 və 17-20 yaşadək idmançılarla yanaşı, böyüklər və veteranlar da qüvvələrini sınayıblar.

Yarışların məqsəd və məramı barədə məlumat verən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezienti Tofiq Heydərov bildirib ki, kubokun təşkilində əsas məqsəd gənc idmançıların yarış təcrübəsini artırmaq, onları beynəlxalq yarışlara daha yaxşı hazırlaşdırmaqdır. Ağır atletika üzrə belə yarışların keçirilməsi həmçinin istedadlı idmançıların üzə çıxarılmasında, regionlarda bu idman növünün inkişaf etdirilməsində xüsusi önəm daşıyır.

Bu dəfəki "Zirvə kuboku" bir neçə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, yarışda ilk dəfə olaraq 3 qadın idmançı iştirak edib. Bundan əlavə kubokda ilk dəfə əcnəbi idmançıların - İran İslam Respublikasından 4 ağırlıqqaldıranın bu yarışlara qatılması kubokun əhəmiyyətini daha da artırıb. Yarışda ilk 3 yeri tutan idmançılara kubok, medal, diplom və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Sinqapurda keçirilən Yay Olimpiadasının qalibi Nicat Rəhimov "Zirvə" idman klubunun yetirməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...