Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək SƏS TV

Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək SƏS TV

Formula 1 üzrə Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək. SİA-nın məlumatına görə, bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi (TMMİD) arasında "Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi" layihəsi çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanma mərasimində BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, TMMİD İctimai Birliyinin sədri Kəmalə Məmmədova və BŞH-nin Kommersiya direktoru Bülent Özerdim iştirak edib.

Mərasimdə qeyd olunub ki, memoranduma əsasən, əksəriyyəti Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 50-yə yaxın şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara 20%-dək endirimli qiymətlərlə xidmətlər təklif edəcək.

Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start veriləcək və iyulun 15-dək davam edəcək. İndiyə qədər layihəyə ümumilikdə 46 şirkət qoşulub. Onlar arasında milli, Avropa, Asiya və Türkiyə mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenirlər, ev və zinət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, hotellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündür.

BŞH Əməliyyat Şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqət cəlb edəcək yerlərə vurmaq üçün kampaniyaya dair xüsusi endirim nişanları verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə