BMT Könüllülük Proqramı və GİN arasında Niyyət Məktubu imzalanıb FOTO
BMT Könüllülük Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, BMT Könüllülük Proqramının İcraçı Koordinatorunun müavini Toily Kurbanov və qurumun Avropa ölkələri üzrə koordinatoru Kristina Plesoianu iştirak edib.
"Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı" adlanan Niyyət Məktubu Toily Kurbanov və Kristina Plesoianunun Bakıya bugünkü səfəri çərçivəsində imzalanıb.
Məktubunun məqsədi Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafına daha geniş şərait yaratmaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması haqqında layihə çərçivəsində 28-30 oktyabr 2014-cü il tarixlərində BMT İnkişaf Proqramı, YUNESKO, Baş Katibin Gənclər üzrə Elçisinin ofisi və Avropa Şurası ilə birlikdə Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçirilib. Forumun yekunu olaraq dünyada gənclər siyasətinin istiqamətlərini müəyyən edən "Bakı öhdəlikləri" qəbul olunub.
Layihənin digər istiqaməti Azərbaycan BMT Modelinin institutlaşdırılması olub. Görülən işlər nəticəsində 9 ali məktəbdə BMT Modeli klubları yaradılıb, MilliMUN - BMT Modeli üzrə ilk milli konfrans, 2 yay məktəbi, NaxçıvanMUN, YouthMUN, o cümlədən universitetlər daxilində BMT Modeli konfransları təşkil olunub, çoxsaylı təqdimat və təlimlər keçirilib.
Gənclərə verdiyi töhfəni, həmçinin əldə edilmiş uğurları və nailiyyətləri nəzərə alaraq layihənin davam etdirilməsi təşəbbüsü həm Gənclər və İdman Nazirliyi, həm də BMT İnkişaf Proqramı tərəfindən dəstəklənib. Layihə çərçivəsində Azərbaycanda BMT Modeli hərəkatının daha genişləndirilməsi ilə yanaşı, "Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı" adlanacaq yeni komponentin də əlavə edilməsi nəzərdə tutulub.
Bununla bağlı 05-08 mart 2017-ci il tarixlərində Azərbaycan nümayəndə heyəti BMT Könüllülər Proqramının Almaniyanın Bonn şəhərində yerləşən qərargahına səfər edib, qurumun fəaliyyət istiqamətləri ilə tanış olub, müxtəlif yüksək dərəcəli məmurlar ilə görüşlər keçirib, BMT Könüllülər Proqramı ilə mümkün əməkdaşlığın perspektivləri və sahələri barədə müzakirələr aparılıb.
Müzakirələrin davamı olaraq BMT Könüllülük Proqramının İcraçı Koordinatorunun müavini Toily Kurbanov və qurumun Avropa ölkələri üzrə koordinatoru Kristina Plesoianudan ibarət nümayəndə heyəti bu gün Bakıya səfər edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 iyul 2014-cü il tarixində "Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması haqqında Layihə Sənədinin təsdiq edilməsi barədə" 213 nömrəli Fərman imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB