Fərhad İsmayılov: “İdmançımızın finalda qələbə qazanacağına inanırıq” AÇIQLAMA

Fərhad İsmayılov: “İdmançımızın finalda qələbə qazanacağına inanırıq” AÇIQLAMA

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında yaxşı nəticə göstərmək üçün ciddi hazırlıq keçmişdik. Hazırlıqlarımız bərəsini verdi və hazırda bir qadın idmançımız finaldadır, digəri isə 3-cü yer uğrunda mübarizəyə qoşulacaq. Əgər 2 medal qazansaq, böyük nəticə əldə etmiş olacağıq". Bunu SİA-ya açıqlamasında stolüstü tennis üzrə Azərbaycan milli komandanın məşqçisi Fərhad İsmayılov deyib.

O qeyd edib ki, kişi stolüstü tennisçilərimiz də fərdi yarışlarda uğur qazanmağa çalışsalar da, finala qədər irəliləyə bilməyiblər: "İndi əsas ümidimiz kişilərin komanda yarışlarınadır. Bu yarışlarda da çox güclü idmançılar mübarizə aparacaqlar. Çalışacağıq ki, yığma komandamız yaxşı nəticə göstərsin. Bu günkü finalda (fərdi yarışlarda) Azərbaycan təmsilçisi Zinq Ninqin rəqibi çox güclü Türkiyə təmsilçisi Mələk Hu olacaq. O, hazırda dünya reytinqində 15-ci sırada yer alıb. Sözügedən idmançıların şəxsi görüşləri olmayıb. Bizim təmsilçimiz isə gəncdir. Onun təcrübəsi də rəqibindən azdır. Ancaq yenə də idmançımızın finalda qələbə qazanacağına inanırıq".

Məşqçi stolüstü tennisə ölkəmizdə gənclər tərəfindən böyük maraq olduğunu bildirib: "Azərbaycanda stolüstü tennisi inkişaf etdirməyə çalışırıq. Ölkəmizdə bu idman növünə maraq göstərən azyaşlı və yeniyetmə idmançılarımız çoxdur. Məqsədimiz odur ki, onlar bu idman növü ilə daha ciddi məşğul olub, gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil etsinlər. Bunun üçün Azərbaycan çempionatı, Kuboku və digər yarışlar keçirilir. Bu yarışlarda fərqlənən idmançılar çinli legionerlərimizlə birgə digər ölkələrdə keçirilən yarışlarda iştirak edirlər. Artıq 2 ildən artıqdır bu istiqamətdə işlərimiz davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə