"Bu qərar həm xeyrimizə, həm də ziyanımıza ola bilər"

"Bu qərar həm xeyrimizə, həm də ziyanımıza ola bilər"

V İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində Mərakeşlə qolsuz heç-heçə edən 23 yaşadək Azərbaycan millisi yarıfinala yüksəlib. Matça start heyətində başlayan, amma zədələndiyinə görə məcburi əvəzlənən yığmamızın təcrübəli üzvü Rəşad Sadiqov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Qarşılaşmanın bu qədər gərgin keçəcəyini gözləyirdinizmi?

- Çox çətin matç oldu. Turnirdə iştirak edən ən güclü komandalardan birinə qarşı oynadıq. Çox aqressiv, eyni zamanda sürətli komandadı. Qrupdan çıxdığımıza görə sevinirik.

- Zədələndiyinizə görə məcburi əvəz edildiniz. Özünüzü indi necə hiss edirsiniz?

- Topuğumda zədəm vardı. İndi də ağrılar hiss edirəm. Açığı, çempionat oyunları zamanı da bu zədəm vardı. Həkimlər ən azı 10 gün dincəlməyimi məsləhət görmüşdülər. Ancaq Oyunlar başladığına görə, U-23-ə qoşuldum. Vaxtım olmadı tam sağalım.

- Növbəti oyunda meydana çıxa biləcəksiniz?

- İynə gücünə olsa da, çalışacam meydana çıxım, komandamıza kömək edim.

- Əvəzlənməyinizin oyuna təsiri oldumu?

- Deməzdim, təsiri oldu. Adil də yaxşı oynadı, kompakt şəkildə çıxış etdik. Əslində, qələbə qazanamağa yaxın idik. Real qol epizodlarımız oldu. Təəssüf ki, "çərçivə"yə düşə bilmədik.

- Hakimliklə bağlı qeyd etmək istədiyiniz məqam varmı?

- Deyirlər hakimin simpatiyası oldu. Amma hər bir ölkədə meydan sahibi komandaya belə yanaşırlar. Bizə qarşı da az qərəzli olmayıblar.

- Sanki bir az "ağ" oldu?

- Ona qalsa, Kamerunla matçda penaltimizi vermədilər. Həmin görüşdə bunu etsəydilər, qələbə qazanacaqdıq. Əgər 6 xalımız olsaydı, bu gün meydana təzyiq altında çıxmayacaqdıq, rahat oynumuz oynayacaqdıq.

- Növbəti matçda Əlcəzairlə qarşılaşacaqsınız. Finala adlamaq şansımız varmı?

- Əsas qələbə qazanmaq, finala çıxmaqdı. Çempion olmağı hər birmiz çox istəyirik. Komandada istək çoxdu. Hər gün söhbətimiz olur, bu istəyi, yanğını görürəm.

- "Qəbələ" Avropa Liqasında mübarizəyə ikinci mərhələdən başlayacaq. Bunun nə kimi müsbət və mənfi cəhətləri var?

- Daha çox istirahət etməyimiz xeyrimizə ola bilər. Digər yandan, ilk mərhələdə zəif rəqiblə qarşılaşmaq ehtimalı çoxdu. Belədə qələbə qazanıb, daha yüksək motivasiya ilə başlaya bilərik. Motivasiya baxımından birinci mərhələ xeyrimizə olardı. Ona görə konkret söz demək olmur. Bu qərar həm xeyrimizə, həm də ziyanımıza ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə