Tofiq Heydərov: “IWF dünya ölkələrinə Azərbaycanı nümunə göstərir” AÇIQLAMA
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə yarışlar davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti və ağır atletika yığma komandasının baş məşqçisi Tofiq Heydərov idmançılarımızın nəticələri ilə bağlı açıqlama verib.
O, yarışların ilk günündə iştirak edən idmançılarımızın çıxışına toxunub: "Çox sevinirəm ki, ilk gündə bürünc medal qazana bildik, özü də bu mükafatı yeniyetmə idmançımız əldə etdi. Səbinə Əzimovanın çıxışından çox razı qaldım. Digər idmançılarımızdan biri 4-cü, digər iki nəfər isə 6-cı yeri tutmağı bacardı. Bunlar çox yaxşı nəticələrdir. Onu da deyim ki, yarışlara gələn qonaqlar Azərbaycanın idman ölkəsi olduğunu görürlər. İnanıram ki, bu yarışlarda hədəfimiz olan medalları qazanacağıq".
Vitse-prezident Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) tərəfindən AAAF-a verilən xüsusi təşəkkürnamə haqda da danışıb: "IWF ölkədə ağır atletikaya göstərilən qayğıdan çox razıdır. Onlar dünya ölkələrinə Azərbaycanı nümunə göstərirlər. Hazırda olduğumuz Akademiya, həmçinin AAAF Parkdakı mərkəzi baza, Liseyimiz, həmçinin digər zallarımız, yaradılan infrastrukturla tanış olandan sonra müsbət mənada böyük təəccüb hissi yaşayırlar. Ona görə də, ağır atletika üçün etdiklərimizi qiymətləndirdilər və bizə xüsusi təşəkkür mükafatı təqdim etdilər. Buna görə onlara çox sağ ol deyirəm".
T.Heydərov ölkəmizdə idmanın inkişafı üçün verdiyi dəstəyə, göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB