Azərbaycan millisi “Bakı-2017”də ilk qələbəsini qazanıb

Azərbaycan millisi “Bakı-2017”də ilk qələbəsini qazanıb

Dünən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. "A" qrupunda yer alan Azərbaycan millisi "Bayıl Arena"da Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib. İlk oyunda Kamerun yığması ilə heç-heçə (0:0) edən millimiz bu görüşdə qələbə qazanmaqla azarkeşləri sevindirmək arzusunda idi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.

Qrupun digər oyununda Kamerun və Mərakeş futbolçuları üz-üzə gəliblər. "Bayıl Arena"da təşkil olunan oyunda hesab açılmayıb.

İki turdan sonra hesabında 4 xal olan Azərbaycan və Mərakeş milliləri turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Kamerun 2 xalla üçüncü, hesabında xal olmayan Səudiyyə Ərəbistanı isə sonuncudur.

Bütün xəbərlər Facebook səhifəmizdə