Azad Rəhimov: “3 ölkənin oyunlara gəlməməsi ilə bağlı qərarlarına hörmətlə yanaşırıq”
"IV İslam Həmrəyliyi Oyunlarının məhz Bakıda keçirilməsindən qürur hissi duyuruq. İslam Həmrəyliyi Oyunları tək idman yarışı deyil, sülhün bərqərar olduğu ölkələrin bir araya gəlməsi, bir dildə danışmasıdır. Əfsuslar olsun ki, Sudan, Liviya və Küveyt bu oyunlara qoşulmayacaq. Bu hal bizi məyus etsə də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz". SİA-nın verdiyi məlumata görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, İslam Həmrəyliyi Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq: "İslam Həmrəyliyi Oyunları ilə bağlı iclaslarda 57 islam ölkəsinin nümayəndələri iştirak ediblər. Biz bəyan etmişdik ki, 57 ölkənin idmançıları oyunlarda iştirak edəcək, amma son 3-4 gün ərzində bizə daxil olan məlumatlara görə, 3 ölkə - Sudan, Liviya və Küveyt oyunlarda iştirak etmir".
A. Rəhimov bildirib ki, bütün ölkələrdən gələn idmançılara hər cür şərait yaradılması üçün biz əlimizdən gələni etmişik: "Azərbaycan tərəfindən oyunlarda idmançılar üçün yaradılan şərait bütün ölkələrin gəlməsi üçün cəlbedicidir. Bu 3 ölkənin oyunlara gəlməməsi ilə bağlı qərarlarına hörmətlə yanaşırıq".
Qeyd edək ki, mayın 12-də açılış mərasimi baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB