Kapitan: “Bakı-2017”yə çempion olmaq üçün gəlmişik” MÜSAHİBƏ

Kapitan: “Bakı-2017”yə çempion olmaq üçün gəlmişik” MÜSAHİBƏ

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan həndbol üzrə kişilərdən ibarət Türkiyə yığma komandasının kapitanı Ramazan Donenin SİA-ya müsahibəsi:

- "Bakı-2017"də ilk iki matçda qalib gəldiniz. Artıq yarımfinala vəsiqəni təmin etmisiniz...

- İlk oyunlar hər zaman çətin olur. Dünənki matçda Mərakeş yığmasını rahatlıqla məğlub etdik. Bu gün isə İraq millisinə qalib gəldik. Mən İraq yığmasının belə güclü oynayacağını düşünmürdüm. Bu komandanın "B" qrupunun ən zəif yığması olduğunu fikirləşirdim. Onlar dünən İordaniya ilə oyunda bunun belə olmadığını göstərdilər. Biz də diqqətimizi bu oyuna yönəltdik. Çünki bu oyunda qalib gəlməklə qrupdan çıxmağı təmin edəcəkdik. İstəyimizə nail olduq və yarımfinala vəsiqə qazandıq.

- İraqla oyunun əvvəlində hesabda geridə olsanız da, ikinci hissədə üstünlük qazanmağı bacardınız...

- İlk hissədə biraz zəif oynadıq. Bəlkə də rəqibi gözümüzdə böyütmüşdük. Fasilədəki müzakirələrimiz və taktikanı dəyişməyimiz bizə qalibiyyət gətirdi. Artıq sabahkı oyuna diqqət ayıracağıq. Ondan sonra isə yarımfinaldakı rəqibimizi təhlil edəcəyik.

- "Bakı-2017"nin qalibi olmaq şanslarınızı necə dəyərləndirirsiniz?

- "Bakı-2017"yə çempion olmaq üçün gəlmişik. Bu istiqamətdə də əmin addımlarla irəliləyirik. Uyğunlaşma ilə bağlı heç bir problemimiz yoxdur. Ölkələrimiz arasında bir saat fərq var. Oyunların hansı saatda keçirilməsi bizim üçün fərq etmir. Bütün gücümüzlə mübarizə aparırıq, qalib gəlmək üçün yarışırıq. Finalda Azərbaycan yığması ilə qarşılaşmaq istəyirik. Kubokun Azərbaycan və ya Türkiyəyə getməsi fərq etmir.

- Hansı komandaların yarımfinala vəsiqə qazanacağını düşünürsünüz?

- Bizimlə bərabər "B" qrupundan İraq yığmasının çıxacağını düşünürəm. "A" qrupundan isə qardaş Azərbaycan və Səudiyyə Ərəbistanı komandalarının yarımfinala vəsiqə qazanacağını fikirləşirəm.

- Türkiyənin əsas milli komandasında uzun müddətdir çıxış edirsiniz. Təcrübəli idmançı kimi Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı haqda nə deyə bilərsiniz?

- "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı möhtəşəmdir. Mən 17 ildir əsas milli komandada oynayıram. Bir çox beynəlxalq turnirlər və tədbirlərdə olmuşam. Buradakı təşkilatçılıq gördüyüm ən gözəl təşkilatçılıqdır. Azərbaycanda bizə çox diqqətlə yanaşırlar və heç bir çətinlik yaranmasına imkan verilmir. Atletlər kəndi və arenalarda idmançılar və nümayəndə heyətləri üçün gözəl şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə