Məhəmməd Sohaib: “Yığmamızın daha yaxşı oynayacağını ümid edirəm” MÜSAHİBƏ

Məhəmməd Sohaib: “Yığmamızın daha yaxşı oynayacağını ümid edirəm” MÜSAHİBƏ

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan həndbol üzrə kişilərdən ibarət Pakistan yığma komandasının baş məşqçisi Məhəmməd Sohaibin SİA-ya müsahibəsi:

- "Bakı-2017"də keçirdiyiniz ilk 2 oyunda məğlub olmusunuz. Sizcə, qalib gəlmək üçün komandanızda nə çatışmır?

- Azərbaycana dünən gəlmişik. 11 saat yolda olmuşuq. Oyunçularmız hələ yorğun olduğuna görə, yaxşı nəticə göstərə bilmədik. Dünən Azərbaycan, bu gün isə Əlcəzair yığmasına məğlub olduq. Hər iki komanda güclüdür. Bundan sonra yığmamızın daha yaxşı oynayacağını ümid edirəm.

- Komandanızın oyununda hansısa taktiki dəyişiklik edəcəksiniz?

- Oyunlarımızını təhlil edib, səhvlərimizin nədən ibarət olduğuna diqqət ayıracağıq. Səhvlərimizi düzəltməyə çalışacağıq. "Bakı-2017"də güclü komandalar mübarizə aparır. Qalan oyunlarda yaxşı nəticələr əldə etmək istəyirik. Ancaq nə olacağını bilmirəm.

- Baş məşqçi kimi indiyədək İslam Həmrəyliyi Oyunlarında iştirak etmisiniz?

- Mən yığma komandaya baş məşqçi təyin olunandan sonra ilk dəfədir İslam Həmrəyliyi Oyunlarında iştirak edirəm. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkil olunması məni sevindirir. Çünki burada hər şey yüksək səviyyədədir. Oyunlarda daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik.

- "Bakı-2017" haqda fikirlərinizi bilmək istərdik...

- Azərbaycanda belə mötəbər yarışda iştirak etməkdən çox məmnunam. İlk növbədə qeyd edim ki, Azərbaycan xalqının bizə qarşı olan münasibəti hamımızı çox sevindirir. Oyunlar isə çox gözəl təşkil olunub. Yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Onu da əlavə edim ki, paytaxtınız çox gözəl və təmizdir. Burada olmaq mənim üçün xoşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə