Uesli So: "Şəhriyar layiqli qələbə qazandı" AÇIQLAMA

Uesli So: "Şəhriyar layiqli qələbə qazandı" AÇIQLAMA

"Shamkir Chess 2017" turnirinin iştirakçısı Uesli So yarışın yekunları ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, Vüqar Həşimov Memorialında çıxışını qiymətləndirən ABŞ təmsilçisi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun qələbəsindən danışıb: "Çıxışım haqqında xoş sözlər demək çətindir. Startda Şəhriyara uduzdum. Səhv etdim, rəqib məni bağışlamadı. Beş ballıq sistemlə oyunuma üç yarım qiyməti verərdim. Son turlarda qələbə qazanmaq vacib idi. Lakin bacarmadım. Hətta IX turda udsaydım, tay-brek ola bilərdi. Başa düşürdüm ki, Şəhriyarı daha çox heç-heçə qane edəcək. Bütün fikrimi VIII tura yönəltmişdim. Həmin oyunda Teymur Rəcəbova qalib gəlməyə çalışırdım. Ağ fiqurlarla oyunda üstünlük qazanmadım. Rəcəbov çox yaxşı müdafiə olundu. Heç-heçədən sonra birinci yerə şansım azaldı".

O, Vüqar Həşimov Memorialının təşkilatçılarına təşəkkürünü bildirib: "Synergy Group" Şəmkiri bizə çox doğma şəhərə çevirdi. Bu yarış sözün əsl mənasında güzəştsiz mübarizə idi. Hamı çempion olmaq istəyirdi. Vüqarın adına layiqli turnirdir. Həşimovu çox yaxşı xatırlayıram. Mən şahmata təzə başlayanda o artıq ulduz idi. Onun karyerası çoxları üçün nümunədir. Maraqlı debütləri olub. Həşimov uduzanda belə rəqibinə hörmətlə yanaşırdı".

ABŞ təmsilçisi Şəhriyar Məmmədyarovu qələbə münasibəti ilə təbrik edib: "Şəhriyar layiqli qələbə qazandı. O, səhvləri bağışlamadı, bütün oyunlarda gücünü qoydu. Şəhriyar Vladimir Kramnik kimi dünya çempionunu məğlub etdi. Yarışın son turunda atasını gördüm. Şəhriyarın qələbəsi atasını çox sevindirmişdi. Mən də onu təbrik etdim. Atasının sevinci məni bir qədər kövrəltdi. Məmmədyarovları təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə