"Gücümüz həmrəylikdədir" mövzusunda konfrans keçirilib

"Gücümüz həmrəylikdədir" mövzusunda konfrans keçirilib

Bu gün Bakıda IV Islam Həmrəyliyi Oyunları münasibətilə "Gücümüz həmrəylikdədir" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə İslam Həmrəyliyi Oyunlarından bəhs edən foto sərgi ilə tanış olublar.

Konfransı açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir müavini milli komandamızın "Bakı-2017"də uğurla çıxış edəcəyinə əminliyini ifadə edib.

Gənclər və idman naziri A.Rəhimov "İslam həmrəyliyi ili"ndə "Bakı-2017"nin təşkilini tarixi hadisə kimi qiymətləndirib. Arenaların yarışa tam hazır olduğunu bildirən nazir deyib: "57 ölkədən 3 minədək idmançı 20 idman növündə birincilik uğrunda mübarizə aparacaq. Oyunların təşkilində birlik, sülh, hörmət və mükəmməllik 4 əsas dəyər olaraq qəbul edilir. Artıq bu gündən idmançı və nümayəndə heyətlərinin Atletlər Kəndində yerləşdirilməsinə başlanılıb".

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ç.Hüseynzadə "İslam Həmrəyliyi Oyunları: Mədəniyyət və inkişaf üçün körpü" mövzusunda məruzə ilə çıxış edib. O, "Bakı-2017"nin Azərbaycanın tarixində önəmli yeri olacağını vurğulayıb. Ç.Hüseynzadə tarixən İslam mədəniyyətinin dünyanın ən aparıcı mədəniyyəti olduğunu, müasir mədəniyyətin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının məqsədinin yalnız idman yarışlarını keçirmək deyil, bu yarışlar vasitəsilə həm də İslam mədəniyyətini yenidən dirçəltmək olduğunu qeyd edib. O, IV İslam Həmrəyliyi Oyunlarının İslam dininin sülhsevər din olduğunu bir daha göstərəcəyini və iştirakçı ölkələrin yaddaşında parlaq xatirə kimi qalacağını deyib.

Daha sonra millət vəkili R. Əliyev "Qlobal idman tədbirlərinin regionlarda təzahürü", Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov "Beynəlxalq idman oyunlarının inteqrasiyalı cəmiyyətin formalaşmasında rolu" mövzusunda çıxış edib.

Tədbir iştirakçıları "İslam Həmrəyliyi" anlayışı adlı videoçarxı izlədikdən sonra Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev "IV İslam Həmrəyliyi Oyunlarında gənclərin rolu", İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri Səlhət Abbasova "İslam Həmrəyliyi Oyunları fonunda beynəlxalq idman tədbirləri vacib təsir vasitəsi kimi: beynəlmiləlçilik və vətəndaş həmrəyliyi", Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "İdman tədbirləri və sosial media: maarifləndirmə vacibdir" mövzusunda çıxış ediblər.

Sonda konfrans iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə