FİG prezidentinə ADBİTA-nın Fəxri doktoru adı verilib FOTOLAR

FİG prezidentinə ADBİTA-nın Fəxri doktoru adı verilib FOTOLAR

Bu gün Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Morinari Vatanabe ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademisyasının (ADBTİA) qonağı olub. SİA-nın məlumatına görə, FİG prezidenti M.Vatanabe ilə birlikdə gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov da Akademiyaya gəlib.

Öncə qonaqlar ADBİTA-da aparılan yenidənqurma və təmir işləri, elmi-tədris bazasının genişləndirilməsi haqqında ətraflı məlumat alıblar. Onlar yenicə istifadəyə verilən gimnastika zalları ilə yaxından tanış olub, idmançıların nümunəvi çıxışlarını izləyib, onlarla şəkil çəkdiriblər.

Daha sonra isə qonaqlar dəyirmi masa ətrafında toplaşıblar. Akademiyanın rektoru Fuad Hacıyev qonaqları və media nümayəndələrini salamlayaraq ADBİTA-da aparılan mühüm islahatlar haqqında danışıb: "Bildiyiniz kimi, ADBİTA ikinci baharını yaşayır. Burada geniş yenidənqurma və təmir işləri aparılır, yeni bakalavr və magistr istixasları açılır, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra addımlar atılır. Təbii ki, bunların heç biri Gənclər və İdman Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının böyük dəstəyi olmadan mümkün ola bilməzdi".

O, ölkəmizdə gimnasitika idman növünün inkişafından söz açıb.

F.Hacıyev FİG prezidentinin müxtəlif istiqamətlərdə uğurlu fəaliyyətini vurğulayaraq, ona aprelin 28-də Elmi Şuranın qərarı ilə ADBİTA-nın Fəxri doktoru adının verildiyini açıqlayıb.

Daha sonra M.Vatanabeyə diplom təqdim olunub.

FİG prezidenti M.Vatanabe çıxış edərək fəxri ada layiq görülməsini böyük nailiyyət adlandırıb və bunu bütün gimnastika ailəsinə verilmiş qiymət kimi dəyərləndirib. O, FİG adından Azərbaycana minnətdarlığını bildirib. M.Vatanabe Azərbaycanda gimnastikanın sürətlə inkişaf etdiyini söyləyib: "Təbii ki, bu nailiyyətlər Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi nəticəsində mümkün olub. Federasiyanın baş katibi Fərid Qayıbovun da uğurlu fəaliyyətini qeyd edərdim. Eyni zamanda, gənclər və idman naziri Azad Rəhimova verdiyi dəstəyə görə minnətdaram".

O, Azərbaycanı təkcə gimnastikada deyil, digər növlərdə də lider ölkələrdən biri adlandırıb. Qonaq ölkədə idmanın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Gənclər və idman naziri A.Rəhimov isə qonağı belə yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib. O, Azərbaycanda gimnastikanın inkişafı istiqamətində görülən işləri vurğulayıb, ölkəmizdə bu idman növü üzrə dünya, Avropa çempionlarının olduğunu söyləyib.

Sonra qonağa xatirə hədiyyələri təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə