Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, AMADA-nın rəhbəri Şəfəq Hüseynli və digərləri iştirak ediblər.
Qonaqlar Agentliyin binası ilə tanış olublar.
Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxs yaradılıb və qurum dövlət qeydiyyatına alınıb. 23 dekabr 2016-cı il tarixində Azərbaycan Milli Antidopinq Agentliyi təsis edilib. 17 fevral 2017-ci il tarixində qurum Ümumdünya Antidopinq Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun elan edilib və Agentlik öz fəaliyyətinə tam şəkildə başlayıb.
AMADA-nın ştatında 13 əməkdaş, 21 Dopinq Nəzarəti İnspektoru çalışır. Qurumun əsas fəaliyyəti dopinq nəzarətinin planlaşdırılması və həyata keçirilməsi, antidopinq üzrə ölkədə maarifləndirmə işlərinin aparılması və milli antidopinq proqramının təşviq etdirilməsidir. Milli antidopinq proqramına əsasən, Agentlik tərəfindən il ərzində müəyyən miqdarda testlər keçiriləcək və onlara dair hesabatlar aparılacaq. Həmçinin, sözügedən qurum tərəfindən bir neçə idmançının bioloji pasportunun yaradılması planlaşdırılır. Qeyd olunan testlər üzrə nümunələr toplandıqda, Agentliyin inzibati binasında xüsusi ayrılmış yerlərdə saxlanılacaq və müayinə üçün Almaniyanın Köln şəhərində yerləşən Ümumdünya Antidopinq Agentliyi tərəfindən akkreditasiya olunmuş Institute of Biochemistry – German Sport University Cologne laboratoriyasına göndəriləcək. Testlərin beynəlxalq standartlara əsasən, Antidopinq İnzibaçılıq və İdarəetmə Sistemi (ADAMS) vasitəsilə müxtəlif idman növü, idmançı kateqoriyaları üzrə prioritetləşmə prinsiplərinə əsaslanan "paperless" adlanan sənədsiz texniki cihazlar vasitəsi keçiriləcəyi planlaşdırılır.
Agentlikdə 3 komitə yaradılıb: Terapevtik istifadəyə icazə komitəsi, İntizam komitəsi və Apellyasiya komitəsi. Qeyd olunan komitələrin fəaliyyəti müvafiq olaraq, idmançıların hər hansı bir qadağan edilmiş maddədən terapevtik istifadə etməsi üçün şəhadətnamənin verilməsi, antidopinq qayda pozuntularına dair dinləmə prosesi və qərarın qəbul edilməsindən ibarətdir. Komitələrin görüşləri agentliyin inzibati binasında keçiriləcək.
Azərbaycan Milli Antidopinq Agentliyinin əsas tərəfdaşları Ümumdünya Antidopinq Agentliyi, Polşa Antidopinq Agentliyi, Milli Antidopinq Agentlikləri İnstitutu, "Berlinger" şirkəti, PWC (Professional Worldwide Controls), Institute of Biochemistry – German Sport University Cologne Laboratoriyasıdır. AMADA-nın əsas şüarı "təmiz qal"dır.
Qonaqlar qurumun əməkdaşları ilə tanış olduqdan sonra nazir A.Rəhimov yeni yaradılmış Agentliyin ölkə idmanının inkişafında mühüm rol oynayacağını qeyd edib. O, Milli Məclisdə Antidopinq haqqında qanunun qəbul olunduğunu və orada bütün müddəaların öz əksini tapdığını bildirib. Nazir ölkəmizdə qısa zamanda antidopinq sahəsində böyük işlər görüldüyünü və görülən işlərin nəticəsində Ümumdünya Antidopinq Agentliyinin standartlarına tam şəkildə uyğun olan qurumun yaradıldığını vurğulayıb. A.Rəhimov Agentliyin əməkdaşlarına işlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AMADA-nın fəaliyyətinin önəmindən danışıb. O, agentliyin ölkədə dopinqə nəzarətdə və bu istiqamətdə yoxlamalarda mühüm işlər həyata keçirəcəyini vurğulayıb. Ç.Hüseynzadə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Milli Məclis və digər qurumların AMADA-ya dəstək verdiyini və hər cür köməklik göstərməyə hazır olduğunu qeyd edib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri F.Muradov AMADA-nın antidopinq sahəsində uğurla fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb və parlamentdə çalışan mütəxəssislərin hər zaman Agentliyə köməklik göstərməyə hazır olduğunu deyib.
Sonda Agentliyin əməkdaşları qonaqlarla birlikdə xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB