Azərbaycanlı gənclər XII Delfi Oyunlarında iştirak ediblər

Azərbaycanlı gənclər XII Delfi Oyunlarında iştirak ediblər

18-23 aprel 2017-ci il tarixlərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində MDB iştirakçı dövlətləri gənclərinin XII Delfi Oyunları keçirilib. Gənclər və İdman Nazirliyininin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, Delfi Oyunlarında Gənclər və İdman Nazirliyinin xətti ilə 13 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Delfi Oyunları öz başlanğıc tarixini olimpiya oyunları kimi qədim yunan mədəniyyətindən götürür. Artıq Beynəlxalq yarışlara çevrilmiş müasir Delfi Oyunları müxtəlif incəsənət sahələrindəki müsabiqə və yarışlardan ibarətdir. 2002-ci ildən başlayaraq Delfi Oyunları hər iki ildən bir olmaq şərti ilə MDB iştirakçı dövlətləri gəncləri arasında keçirilir. Bu günə kimi Bryansk, Kişinev, Kiyev, Astana, Minsk, Novosibirsk kimi şəhərlərdə keçirilib Delfi Oyunlarında istedadlı gənclərimiz müxtəlif nominasiyalar üzrə qızıl, gümüş, bürünc medallara layiq görülmüş, xüsusi diplomlarla təltif olunublar.

Oyunların əsas məqsədi MDB iştirakçı dövlətlərinin mədəniyyətlərarası əlaqələrinin genişləndirilməsi, xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, bu dövlətlərin gəncləri arasında istedadlı gənclərin aşkara çıxarılması, yaradıcı gənclərin dəstəklənməsi və onların professionallıq səviyyəsinin yüksəldilməsi, həmçinin onların humanitar və mədəni inkişaf proseslərində fəal iştiraka cəlb edilməsi, onlar arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.

Bu il keçirilən XII Delfi Oyunlarında iştirak edən azərbaycanlı gənclər 6 nominasiyada –"Fortepiano", "Təsviri sənət", "Foto", "Xalq ifası", "Estrada ifası" və "Di-djey" nominasiyalarında yarışırdılar. "Di-jey" nominasiyası üzrə çıxış edən gənc di-djey Fariz Rəcəbov gümüş medala, "Foto" nominasiyası üzrə Bakı Media Mərkəzinin gənc fotoqrafı Elmar Əzimli və "Xalq ifası" nominasiyası üzrə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Sədəf Budaqova bürünc medallara layiq görüldülər. Bundan başqa "Təsviri sənət" nominasiyası üzrə yarışan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi İlahə Qəribova və "Estrada ifası" nominasiyası üzrə çıxış edən gənc ifaçı Ruslan İqnotenko Delfi oyunlarının xüsusu diplomuna layiq görüldülər. Beləliklə, ümumi hesabda 3 medal - bir gümüş, iki bürünc medal və iki xüsusi diplom ilə geri qayıdan istedadlı gənclərimiz ölkəmizi beynəlxalq müsabiqədə layiqincə təmsil etdilər.

XII Delfi Oyunlarında iştirakçılar ilə bərabər azərbaycanlı münsiflər də iştirak etdilər. "Xalq ifası" nominasiyasında Azərbaycan Milli Konservatoriyasının dosenti Yaqut Seyidova, "Foto" nominasiyasında Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, "Di-djey" nominasiyasında Azərbaycan di-djeylər Assosiyasiyasının sədri Mansur Əhmədov münsiflər heyətinin tərkibində Azərbaycanı uğurla təmsil etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə