AÇ-də millimizə niyə texniki məğlubiyyət verildi? SƏBƏBLƏR - AÇIQLAMA
"Milli komandamızın üzvü Məmmədəli Mehdiyev Varşavada keçirilən cüdo üzrə Avropa çempionatına zədəli halda yollanmışdı. Komandamızın bürünc medalı təmin etdiyi halda onun son görüşə çıxa bilməməsi zədəsinin ciddi olması ilə əlaqəli idi. Bu isə qaydalara əsasən texniki məğlubiyyətlə nəticələndi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı deyib.
O qeyd edib ki, idmançımız zədəsinin daha da çoxalmaması və "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirakı prioritet tutaraq son görüşdən imtina edib: "Milli komandamız Ukrayna yığması ilə görüşdə 3:0 hesabı ilə öndə olduğu üçün bürünc medalı təmin etmişdi.
M.Mehdiyev zədəli olduğu üçün əhəmiyətsiz olan son görüşdə güləşə bilmədi. Bəlkə də ağrıdan qaydalar onun yadına düşmədi. Son görüşün heç bir əhəmiyyəti olmadığını, IV İslam Həmrəyliyi Oyunlarına az müddət qalan bir zamanda zədəsini artırmamağı düşündüyü üçün M.Mehdiyev rəqibni təbrik edərək görüşdən imtina etdi. Hakimlər isə yeni qaydalara əsasən komandamıza texniki məğlubiyyət verdilər.
Qeyd edim ki, M.Mehdiyev "Bakı-2017"də öz çəki dərəcəsində iştirak etməyə ən real namizəddir. O, öz çəkisində liderdir".
Baş katib bildirib ki, bütün bunlara baxmayaraq, millimiz Avropa çempionatında uğrula çıxış edib və 2 qızıl, 3 bürünc medal qazanıb.
ACF-nin mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu isə yarışda hakimlərin milli komandamıza qarşı ədalətsiz qərarlar qəbul etdiklərini vurğulayıb: "Avropa çempionatında Azərbaycan cüdoçularının 2 qızıl və 3 bürünc medal qazanması tarixi nəticədir.
Ancaq bu yarışda komandamıza hakimlər tərəfindən çox haqsızlıqlar oldu. Komanda yarışlarında Fransa millisinə qarşı görüşdə Azərbaycan cüdoçularına qarşı hakimlər tam ədalətsizlik etdilər. Səbəb isə Rusiya və Azərbaycan millilərinin yarımfinalda qarşılaşmaması idi. Avropa Cüdo Birliyində Rusiya tərəfinin çox böyük nüfuzu və təzyiqi var. Onlar Azərbaycan millisindən qorxurduqları üçün belə addım atdılar. Beynəxlaq Cüdo Federasiyası tərəfindən keçirilən yarışlarda isə belə hallar çox az-az olur. Təəssüf ki, Avropa Cüdo Federasiyasının keçirdiyi yarışlarda bu kimi hallara tez-tez rast gəlinir və bu, Azərbaycan millisinin də başına gəldi".
O, Avropa çempionatının komanda yarışlarının bürünc medal görüşündə yığmamıza texniki məğlubiyyət verilməsindən də danışıb: "Üçüncü yer uğrunda görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə irəlidə idi. Bu isə o deməkdir ki, millimiz bürünc medalı özü üçün təmin etmişdi. Məmmədəli isə zədəli olduğu üçün komanda yarışlarında iştirak etməməli idi. O, yarışlara iynə-dərmanla qatılmışdı. Komanda yarışlarına 10 cüdoçu sifariş olunur. Məşqçilər hər rəqibə qarşı hansı cüdoçunun daha yaxşı güləşməsini nəzərə aldığı üçün, Məmmədəli Fransa millisinin heyətində 90 kq çəkidə mübarizə aparan idmançı ilə güləşməli idi. O, zədəli olsa da, bu görüşə çıxacaqdı. Bürünc medal görüşündə isə 3:0-dan sonra güləşməyin mənası qalmırdı. Çıxıb centlimencəsinə rəqibini təbrik etmək və güləşməmək cüdoda qadağandır. Qanunlar bunu demir. Ona görə komandaya texniki məğlubiyyət verildi. Əslində, hakimlər başqa qərar da qəbul edərək, idmançımızın zədəli olduğunu bildirə bilərdilər. Ancaq onlar sanki, səbəb axtarırdılar ki, yığmamıza texniki məğlubiyyət versinlər. Belə çıxır ki, idmançı görüşə çıxıb fırıldaq işlətməli idi? Azərbaycan Cüdo Federasiyası Avropa Cüdo Birliyinə bu barədə öz münasibətini bildirəcək. Federasiya daxilində də müəyyən qərarlar qəbul ediləcək".
Qeyd edək ki, hazırda cüdo üzrə milli komandamız dünyanın ən güclü yığmalarından biri hesab olunur. Dünya reytinqində kişilər arasında 7 çəkidən 3-də Azərbaycan cüdoçuları liderlik edirlər. Digər çəkilərdə isə idmançılarımız ilk 5-liyə daxildirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB