Bakı Kristal Zalı-2-yə press-tur təşkil edilib FOTOLAR

Bakı Kristal Zalı-2-yə press-tur təşkil edilib FOTOLAR

Bu gün media nümayəndələrinin "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının boks və zorxana yarışlarının keçiriləcəyi Bakı Kristal Zalı-2-yə press-turu təşkil edilib. SİA-nın məlumatına görə, Bakı Kristal Zalı-2-nin əməliyyat işləri üzrə baş meneceri Orxan Əfəndiyev jurnalistlərə məlumat verib ki, burada boks yarışları mayın 12-18-də, zorxana yarışları isə 20-21-də keçiriləcək. Mayın 18-də boks, 20-21-də isə zorxana üzrə final yarışaları baş tutacaq. Bu zalın ümumi tamaşaçı tutumu 1600 nəfərdir. Voleybol yarışları isə mayın 18-21-də birinci zalda keçiriləcək. Zalın ümumi tamaşaçı tutumu 2200 nəfərdir.

Arenada hazırlıq işləri tamamlanma mərhələsindədir. Burada boks üzrə yarış zalından əlavə, məşq zalı da quraşdırılıb. Yarışdan 1 gün əvvəl, yəni mayın 11-də boksçular idman obyekti ilə tanış olacaqlar.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının meneceri, əməkdar idman ustası, dünya çempionu Fərhad Acalov isə bildirib ki, boks yarışlarının hazırlıqları yekunlaşmaq üzrədir: "Gələn həftə bütün avadanlıqlar tam şəkildə Bakı Kristal Zalına gətiriləcək. Boks üzrə 30-a yaxın komanda, 150-160 idmançının Azərbaycana gəlməsi nəzərdə tutulub. Azərbaycan yığmasının heyəti isə hələ ki, tam müəyyənləşməyib. Bəzi çəkilərdə yoxlamalar olacaq. Milli komandamızın heyəti tam olaraq yarışa bir həftə qalmış müəyyənləşəcək. Ümumi məşq müddəti mayın 10-dan 17-nə qədər olacaq. Yığma komandamız isə hazırda təlim-məşq toplanışındadır. Millimizdə güclü idmançılar var. İnanıram ki, Oyunlarda yüksək nəticələr əldə edəcəyik".

Boks üzrə milli komandamızın üzvü Kamran Şahsuvarlı isə "Bakı-2017"də qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Vətənimizdə keçirilən Oyunlarda var gücümlə çalışacağam ki, qızıl medal qazanım. Millimizə yeni baş məşqçi təyin olunub. Ən çətin rəqiblərimiz Qazaxıstan və Özbəkistan idmançıları olacaq. Üç-dörd gün öncə Qəbələdən 1 aylıq təlim-məşq toplanışından gəlmişik. Komanda əla vəziyyətdədir. İnanıram ki, yüksək nəticələr əldə edəcəyik. Heyətdə çəkilər üzrə rəqabət var. Aprelin 25-dən yenidən Bakıda məşqlərə başlayacağıq".

Xatırladaq ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə