"Formula-1 üzrə mövsümün son yarışı göstərdi ki, bu il "Mercedes" komandasının son 3 ildə qazandığı hegemonluq başa çatıb. İtaliyalı mühəndislər "Ferrari" üçün sürətli və gözəl bolid hazırlayıblar. Bu bolidlə dördqat dünya çempionu "Mercedes" üçqat dünya çempionuna qarşı mübarizə aparacaq". Bunu SİA-ya açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula-1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
Onun sözlərinə görə, son illərdə Skuderiyanın əsas çatışmazlığı maşının rəqabətədavamlı olmaması idi: "Amma builki maşının zəif yerləri ya yoxdur, ya da araxada qalan yarışlarda bunu müəyyən etmək mümkün olmayıb. Maşın bütün növ traslarda sürətlidir və qələbə uğrunda mübarizə aparmağa imkan verir. Qırmızı komandanın xeyrinə daha bir maraqlı faktor ondan ibarətdir ki, bu il "Ferrari"ni strateqləri maraqlı və düzgün qərarlar qəbul edirlər. Keçən illərdə strateqlərin qərarları sürücülərin yarışını məhv edirdisə, indi məhz onların vaxtında və düzgün atılmış qərarları sayəsində "şahə qalxan atlar" ilk 3 yarışda 2 qələbə qazanıblar".
R.Əliyev bildirib ki, "Mercedes" üçün zirvədə qalmaq çətin olsa da, mükmündür: "Lyuis Həmilton titulların sayında Fettelə çatmaq üçün əlindən gələni edəcək. Biz bilirik ki, Lyuis asanlıqla təslim olan sürücülərdən deyil . Bəhreyndə Bottasın poul qazanması da komandanın iddialarından xəbər verir. Komandaya yeni gəlmiş texniki direktor Ceyms Əllison da özünü göstərməyə çalışacaq. Ona görə də mövsümün gedişində komandanın inkişaf edəcəyinə əminəm".
Mütəxəssis qeyd edib ki, bu mövsüm "Red Bull" komandası da yaxşı formadadır: "Ədrian Nyuinin hazırladığı RB13 maşını yenə də güclü alınıb, amma komandada zəif bənd "Renault" motorudur. Motorçular problemlərini həll edən kimi Ferstappen-Rikkardo cütlüyü qələbə uğrunda mübarizəyə qayıdacaq. Onda biz poul və qələbə uğrunda 3 komandanın mübarizəsini görəcəyik ki, F1 azarkeşi üçün bundan gözəl heç nə ola bilməz".
R.Əliyev vurğulayıb ki, orta qrupda da komandalar bərabərdirlər və burada da gərgin mübarizə gedir. Onun sözlərinə görə, "Honda" və "Renault" motorları təkmilləşdikcə, bu qrupda da mübarizə gərginləşəcək.
"İstənilən halda qarşıdakı həftə baş tutacaq Rusiya Qran Prisindən sonra çempionat Avropaya qayıdacaq və bəzi komandalar üçün hər şey sıfırdan başlayacaq. Bizə isə yalnız bu idmanı və mübarizəni izləyib, sevinib, zövq almaq qalacaq", deyə R.Əliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə