Şəhriyar Məmmədyarov: "Dünya çempionluğu uğrunda yarışmaq istəyirəm"

Şəhriyar Məmmədyarov: "Dünya çempionluğu uğrunda yarışmaq istəyirəm"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" turnirində II turun oyunları keçirilir. SİA-nın məlumatına görə, "Synergy Group"un təşkil etdiyi beynəlxalq turnirin ikinci günündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Partiyadan sonra şahmatçımız fikirlərini bildirib. Yarışa qələbəylə başlayan Ş.Məmmədyarov S.Karyakinlə heç-heçəni belə əsaslandırıb: "Karyakin çox güclü şahmatçıdır. Sözün əsl mənasında favoritlərdən biridir. Statistikaya nəzər salsaq, məhsuldar oyunlarımız heç-heçədən çox olub. Sadəcə, bu gün alınmadı. Debütdən üstünlük qazanmağa imkan verilmədi. Daimi şah vermək heç-heçəyə gətirdi. Etiraf edim ki, bir-birimizi çox yaxşı tanıyırıq. Ona görə rəqibi məğlub etmək çox çətindir".

O, hazırda bütün fikrinin karyerasında olduğunu söyləyib. Təmsilçimiz dünya çempionluğu uğrunda mübarizə aparmaq istəyir: "Dünya çempionluğu uğrunda yarışmaq istəyirəm. Fikrim bütövlüklə karyerama yönəlib. İddiaçılar turnirində iştirak edərək uğur qazanmaq arzusundayam. Bəlkə, gələcəkdə başqa sahədə çalışmaq barədə düşündüm. Amma həmişə şahmatda qalmaq istəyirəm. Fərq etmir, şahmatçı və ya məşqçi kimi".

Ş.Məmmədyarov sabah İspaniya La Liqasında baş tutacaq "Real"-"Barselona" görüşünə baxacağını da deyib. Şahmatçı "Barselona"ya azarkeşlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə