Veselin Topalov: "Maykl Adams uğur qazanmağa fürsət vermədi"

Vüqar Həşimov Memorialında I turun partiyaları başa çatıb. SİA-nın məlumatına görə, "Synergy Group"un təşkil etdiyi yarışın ilk turunda ağ fiqurlarla oynayan dünya çempionu Veselin Topalov İngiltərə şahmatçısı Maykl Adamsla heç-heçə edib. V.Topalov debütdən sonra üstünlük əldə etdiyini bildirib: "Debütdən sonra üstünlük qazanmışdım. Sadəcə Adams uğur qazanmağa fürsət vermədi. Dörd saata yaxın mübarizənin sonunda heç-heçə oldu. 100%lik üstünlük yox idi. İmkan olsaydı, qələbəyə qədər oynayardım. Amma gedişlərin təkrarlandığını gördük, heç-heçə qaçılmaz oldu".

Maykl Adams bolqar şahmatçının dedikləri ilə razı olduğunu söylədi: "Topalov cüzi üstünlük əldə etdi. Partiyanın gedişində vəziyyət bərabərləşdi. Ona görə heç-heçə alındı. Fikrimcə daha 1 saat oynasaydıq belə nəticə dəyişməyəcəkdi".

Qeyd edək ki, "Şəmkir Chess 2017" turniri aprelin 30-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə