"Olimpiya Hərəkatı-2017" ("Olympic Moves-2017") idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin Bakı üzrə rayondaxili mərhələsi başa çatıb. SİA-nın xəbərinə görə, martın əvvəlindən start götürən rayondaxili mərhələdə paytaxtın 294 məktəbi iştirak edib. Qarşılaşmalar 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilib. Oyunlar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub. Ümumilikdə, Bakı üzrə 12 rayondan 5 idman növü üzrə birinci yeri tutan 60 məktəbin komandaları finalda mübarizə aparmaq hüququ əldə edib.

Qaliblər Təşkilat Komitəsinin təsis etdiyi kubok və diplomlarla təltif edilib.

Qeyd edək ki, "Olimpiya Hərəkatı-2017" idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...