Azərbaycanlı cüdoçu açıq çempionatın bürüncünü qazanıb

Azərbaycanlı cüdoçu açıq çempionatın bürüncünü qazanıb

Bu gün Ukrayna Cüdo Federasiyasının təşkilatçılığı ilə Kiyev vilayəti Vasilkov şəhərində cüdo üzrə açıq çempionat keçirilib. SİA-nın Şərqi Avropa ölkələri və Ukrayna bürosun verdiyi məlumata görə, Kiyev vilayətində keçirilən açıq çempionatda 2002, 2003, 2004-cü il təvəllüdlü idmançılar yarışıblar.

Açılış mərasimində şəhər meriyasından, Ukrayna Cüdo Federasiyasından və region klublarından da xeyli qonaq iştirak edib. Tədbirdə ilk sözü Cüdo Federasiyasının Kiyev vilayəti üzrə prezidenti Melenevskiy Eduard Anatoliyeviç açaraq tədbir iştirakçılarını salamlayıb və keçirilən açıq çempionatın mahiyyətindən danışıb: "Bu gün burada 2002, 2003,2004-cü il təvəllüdlü idmançılar gərgin mübarizə aparacaqlar. Onu da xüsusi xatırladım ki, hakimlərin hamısı Kiyev şəhərindən gəldiyi üçün, heç bir klub üzvü, ədalətsizliklə qarşılaşdığını iddia edə bilməyəcək. Biz bu gün bütün gücümüzlə çalışırıq ki, yarış tam şəffaf keçirilsin. Kimlər güclüdürsə onlar da qalib olacaqlar. Bilirsiniz ki, bu günkü tədbirimizin qalibləri avtomatik olaraq, Ukrayna çempionatında iştirak üçün sertifikatlar da alacaqdır. Mən bura dəvət olunmuş mətbuat işçiləri və digər qonaqlarımızı da xüsusi salamlayıram.

Daha sonra tədbirdə Vasilkov Cüdo məktəbinin aparıcı məşqçisi Rudoy Aleksandır Aleksandroviç çıxış edərək, tədbirin mahiyyətindən geniş söhbət açıb: "Əziz tədbir iştirakçıları, hörmətli qonaqlar bu günkü tədbirimizin daha bir müsbət xüsusiyyəti də odur ki, bu çempionatda siz yeni simalar da görəcəksiniz. Bu bir yarış meydanıdır, çünki bu gün burada, Kiyev vilayəti üzrə açıq cüdo çempionatı keçirilir. Hesab edirəm ki, burada zəif idmançı yoxdur. Düzdür, bu gün bir çox idmançılar ilk dəfə öz güclərini rəsmi yarışlarda sınayacaqlar. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram.

Sonra yarışa start verildi. Əvvəlcə 2002-ci il təvəllüdlü idmançılar yarışa başladılar. İştirakçılar arasında yeganə azərbaycanlı idmançı Ələkbərli Sadiq Əlmaniz oğlu da olub. Sadiq Ələkbərli Kiyev vilayəti Vasilkov şəhərindəki 8 saylı məktəbin "9"-cu sinifində oxuyur. O, bu tədbirə Vasilkov şəhər Cüdo Federasiyasının tərkibində ilk dəfə olaraq rəsmi yarışa qatılıb.

Məlumata görə, 55 kq çəkidə yarışlara qatılan Sadiq Ələkbərli ilk görüşünü təmiz qələbə - ippon ilə başa vurub. S.Ələkbərli ikinci görüşünü də ipponla tamamlayıb. Daha sonrakı iki görüşdə isə, cüzi xal çatışmazlığı vazari ilə məğlub olan Sadiq Ələkbərli Kiyev vilayəti üzrə keçirilən açıq Cüdo çempionatında III yerə layiq görülüb. O, bununla da Ukrayna cüdo çempionatına sertifikat da əldə edib.

Müxbirimiz həmyerlimizdən müsahibə də alıb: "Mən ilk dəfə idi ki, rəsmi tədbirə qatılırdım, çünki atam məni idmandan daha çox dərslərimə vaxt ayırmağımı istəyir. Odur ki, mən məşqlərdə mütəmadi olaraq iştirak edə bilmirdim. Bu mənim üçün ilk şans idi, məğlub olduğum idmançılar dəfələrlə rəsmi yarışların iştirakçısı olduqları üçün məndən çox təcrübəli idilər. Nəzərə alsaq ki, mən çox cüzi xallarla məğlub oldum, düşünürəm ki, öz üzərimdə çalışsam, gərgin məşqlərə qatıla bilsəm, qısa müddətdə birinciliyi də əldə edə bilərəm. Arzum ilk öncə çempion olub, Ukrayna ilə yanaşı Azərbaycan bayrağını da qaldırmaqdır.

Əlmaniz ƏLƏKBƏRLİ

Bütün xəbərlər Facebook səhifəmizdə