"Bakı 2017" ilə bağlı fləşmob keçirilib

"Bakı 2017" ilə bağlı fləşmob keçirilib

Bakı 2017 Oyunlarına 25 gün qaldığı müddət ərzində, Bakı 2017 İslam Həmrəyliyi Oyunları və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə İçərişəhərdə 200-dən çox gəncin iştirak etdiyi fleşmob keçirildi. SİA-nın verdiyi məlumata görə, tədbirin əsas məqsədi Bakı 2017 Oyunlarına 25 günün qalması tarixini qeyd etmək, eləcə də əhalinin oyunlar haqda məlumatlılığını artırmaq, ictimaiyyətdə Oyunların abu havasını yaşatmaq idi.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə keçirilən kütləvi aksiyada öncədən təyin olunan yerə toplaşan bir qrup gəncə dəstək verən (fleşmob) 50-dən çöx rəqqas, Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə hər kəsi salamlayıb, "Bakı sizi gözləyir" mesajını verdilər. Qeyd edək ki, Bakı 2017-ni təmsil edən 200-ə yaxın könüllü də fleşmobun fəal üzvləri sırasında idi.

Təşkilatçıların qeyd etdiklərinə görə, fleşmobun mahir memarlıq və sənətkarlıq nümunəsi olan İçərişəhərdə keçirilməsi təsadüfi deyil. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi olan İçərişəhər Azərbaycanın tarixi qoruğudur və fleşmobun məhz burada keçirilməsinin əsas səbəbi Azərbaycanın şərq ruhunu qonaq ölkələrə bəyan etməkdir. Yüzillikləri keçərək bu günümüzə qədər gəlib çatan İçəri şəhər memarlıq kompleksi tarixin bir çox sirlərini öz divarlarında, dar küçələrində qoruyub yaşadır. Ölkəmizə təşrif buyuracaq qonaqlar şərqin nadir incisini, memarlıq nümunəsini görməklə bərabər, eyni zamanda özlərini tarixin bir parçası kimi də, hiss edəcəklər.

"Fleshmob"-da iştirak edən Kamran Qədirli tədbirdən aldığı xoş təəssüratı belə bölüşdü: "İştirakçı olaraq, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olduğuma görə çox sevinirəm. Oyunlara artıq çox az bir vaxt qalır və həyəcan getdikcə artır. Bu gün də bura yığışmağımızın əsas məqsədi bizim burada yaşadığımız həyəcanı hamı ilə paylaşmaqdır. Əminəm ki, Oyunlar zamanı qonaqlar Bakımızın gözəlliyinə heyran qalacaq."

Bütün xəbərlər Facebook səhifəmizdə