Ardıcıl iki oyunluq məğlubiyyətdən sonra AZAL üzərində böyükhesablı qələbə qazanan "Neftçi"nin yarımmüdafiəçisi Zdenek Folprext apasport.az saytının suallarını da cavablandırıb.
- Bu oyunu "Neftçi" üçün açıq məşqə bənzətmək olarmı?
- Kənardan belə görünə bilər. Ancaq erkən qol vurmağımız oyunun gedişini tamamilə xeyrimizə dəyişdi. Yəni hesabı tez açdıq və ardınca digər qolları vurmağı bacardıq.
- Qol vurduqdan sonra azarkeşlərə deyil, digər sektora tərəf qaçdınız. Bu, baş məşqçi tərəfindən verilmiş tapşırıqdı?
- Hansısa etirazdan danışmaq olmaz. Futbolçular tərəfindən belə bir addım atılmamışdı. Qol vurduqdan sonra dostlarım əyləşən tribunaya tərəf çevrildim və onlarla birgə qeyd etdim. Çexiyadan 4 dostum gəlib və onlar matçı izlədilər. Həmin insanlar uşaqlıq dostlarımdı.
- Onları özünüz dəvət etmisiniz?
- Bəli, onları Bakıya mən dəvət etmişəm. Ən yaxın dostlarımdı. İndi hamımız bir evdə qalırıq. Həqiqətən də son həftə mənim üçün çox şən keçir.
- Rəqib "Neftçi"nin xüsusi heç nə ilə seçilmədiyini, özlərinin bəsit səhvləri üzündən uduzduqlarını deyir. Razısınızmı?
- Qış fasiləsindən sonra "Neftçi" ən yaxşı oyununu keçirir. Düzdü, AZAL-ın da təhlükəli epizodları oldu. Topun dirəyə dəydiyi epizodu xüsusi qeyd etmək istərdim. Həmin anda qol olsaydı, oyun fərqli məcrada keçə bilərdi.
- Ölkə kubokunda mübarizəni dayandırdıqdan sonra "Neftçi"nin Premyer Liqada "dördlük"ə düşmək üçün səfərbər olacağı gözlənilirdi. Amma "Sumqayıt"a və "Kəpəz"ə yenildiniz. Nə baş verdi?
- Həmin oyunlardakı əsas problem qol vura bilməməyimizdən qaynaqlandı. Bu gün AZAL-la oyunda erkən qol vurduq və davamını gətirdik. Komanda fərqli oyun nümayiş etdirdi. Əgər Sumqayıtda və Gəncədə qol vursaydıq, nəticə fərqli olacaqdı.
- Hazırkı vəziyyətdə avrokubok zonasına düşməyiniz nə dərəcədə realdı?
- İki oyunumuz qalıb. Əlbəttə, məqsədimiz hər iki oyunda qələbə qazanmaqdı. Sonra turnir cədvəlinə baxacağıq. Əgər bəxtimiz gətirsə, Avropa Liqasına vəsiqə qazanacağıq.
- "Zirə" və "Qarabağ"la duellərdən yüz faizlik nəticə ilə ayrılacağınız nə dərəcədə realdı?
- Mümkünsüz heç nə yoxdu. Hər iki oyunda qələbə qazanmaq üçün mübarizə aparacağıq.
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Yeni müqavilə üçün danışıqlara başlamısınızmı?
- Artıq "Neftçi" və "Slovan" klubları arasında danışıqlar başlayıb və davam edir. Əgər "Slovan" və ya "Neftçi" arasında seçim etməli olsam, təbii ki, "Neftçi"ni seçəcəm. Çünki burda yaradılan şərait ürəyimcədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB