Tom Butçer: “Niyazi küçəsindəki işləri 5 günə də tamamlaya bilərik” AÇIQLAMA
"Bakı Şəhər Halqasının Niyazi küçəsindəki 15-ci döngəsindən 16-cı döngəsinədək olan qənbər daşlı hissəsində asfalt qatının çəkilməsi ilə bağlı işlərə başlamışıq. Ötən il də burada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına uyğun asfalt örtüyü çəkmişdik. Yarış başa çatdıqdan sonra həmin asfalt qatı qopardıldı və qənbər daşlı hissədə heç bir zədə qeydə alınmadı". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
Onun sözlərinə görə, asfalt qatlarından öncə qənbər daşlı hissənin üzərinə qoruyucu qat olaraq çınqıllar tökülür: "İki təbəqədən sonra isə asfalt qatları çəkiləcək. İşlər FİA-nın standartlarına əsasən həyata keçirilir. Bu hissədəki asfaltlama işləri əsasən həftəsonu və növbəti hətfənin ilk günlərində aparılacaq ki, şəhər sakinlərinin hərəkətinə maneçilik törədilməsin".
Sözügedən işlərin 7 gün davam etməsinin planlaşdırıldığını deyən T.Butçer hava şəraitindən asılı olaraq bu müddətin dəyişə biləcəyini vurğulayıb: "Əgər hava şəraiti arzuolunan səviyyədə keçərsə, işləri 5 günə də tamamlaya bilərik. Bu işlərin 7 gündən daha tez başa çatdırılması üçün səy göstəririk".
Asfaltlama işlərinin yerli "AzVirt" şirkəti tərəfindən aparıldığını qeyd edən BŞH rəsmisi sözügedən qurumun ötən il trekin bütün hissəsində asfalt qatının çəkilməsini həyata keçirdiyini bildirib.
O, Niyazi küçəsinin qənbər daşlı hissəsindəki asflat qatının növbəti illərdə də saxlanılması ilə bağlı səlahiyyətin onlara deyil, müvafiq dövlət orqanlarına aid olduğunu vurğulayıb.
T.Butçer trek ətrafındakı tribunaların tikintisinin "Bakı-2017" IV İslam Oyunlarının başlanmasından əvvəl yekunlaşdırılacağını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB