Naxçıvan şəhərindəki "N" saylı hərbi hissədə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin qalibləri müəyyənləşib. Zona birinciliyi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev, Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Zaur Həmidov, Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənli, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi kapitan Rəcəb Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi mayor Vüsal Əliyev çıxış edərək, oyunun keçirilməsi qaydaları və mahiyyəti haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, avtomat darağının doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar.
Yarışın yekun nəticələrinə görə I yerə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin komandası, II yerə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası, III yerə isə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin komandası layiq görülüb.
Qalib komandalara təşkilatçılar tərəfindən fəxri fərman, diplom və kubokları təqdim olunub.
Qeyd edək ki, zona birinciliyində I və II yeri tutan komandalar may ayında keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB