Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnirin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov iştirak edib.
Yarışları idarə edən hakimlər və turnirdə iştirak edən ölkələrin komandalarının təmsilçiləri dövlət bayraqları ilə parad şəklində arenaya gəliblər.
Çıxış edən GİN-nin İdman şöbəsinin müdiri F.Mansurov güləş idman növünün ölkəmizdə populyarlığından, gənclərin bu idman növünə həvəsindən danışıb. O, digər idman növlərinə olduğu kimi güləşə də dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirib. Şöbə müdiri güləşçilərimizin onlara göstərilən etimadı layiqincə doğrultduqlarını qeyd edib. F.Mansurov yarış iştirakçılarına uğurlar arzulayıb.
AGF-nin vitse-prezidenti E.Cəfərov idmançılara Federasiyanın prezidenti Fazil Məmmədovun salamlarını çatdırıb. O, Azərbaycan güləşində yeniyetmə və gənclər arasında böyük rəqabət olduğunu, gələcəkdə əsas milli komandamızda çıxış etmək üçün layiqli idmançıların yetişdiyini bildirib. AGF-nin vitse-prezidenti güləşçilər arasında belə turnirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb. Federasiya rəsmisi vurğulayıb ki, turnirlər güləşçilərimizin təcrübəsinin artırılmasında və ən yaxşı idmançıların müəyyənləşdirilməsində önəmli rol oynayır. E.Cəfərov qaliblərin milli komandanın tərkibində qarşıdan gələn beynəlxalq yarışlarda mübarizə aparacaqlarını vurğulayıb. O, yarışda iştirak edən idmançılara sağlam rəqabət arzulayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarışlar açıq elan edilib.
Sonra mərasimin bədii hissəsi başlayıb. İncəsənət ustalarının ifasında mahnılar səsləndirilib və müxtəlif rəqs nömrələri nümayiş olunub.
Açılış mərasimindən sonra yarışlar davam edib.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparır.
Turnirin proqramına əsasən, bu gün yunan-Roma güləşi üzrə yeniyetmələr yarışırlar. Sabah isə yunan-Roma güləşi üzrə gənclər, aprelin 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB