"Neymar Jr’s Five" futbol turniri Lənkərandan başladı FOTOLAR

Azərbaycanda ardıcıl ikinci il keçirilən "Neymar Jr’s Five" futbol turnirinə start verilib. Sİa-nın məlumatına görə, ilk seçim mərhələsi Lənkəranda baş tutub.

22 komandanın iştirak etdiyi yarış maraqlı mübarizəylə yadda qalıb. Sonda "Lenko" komandası ilk seçim mərhələsinin qalibi olub.

Finalda "Viləş"lə qarşılaşan "Lenko"nun oyunçuları qələbədən sonra təəssüratlarını bölüşüblər. Onlar güclü rəqiblə mübarizədə qalib gələcəklərinə o qədər də inanmadıqlarını bildirib: "Finalda rəqibdən çəkinirdik. Bununla belə qalib gəlməyi bacardıq. Bundan sonra istənilən rəqiblə oyuna özümüzü hazır sayırıq" - "Lenko"nun oyunçusu Elvin Quluzadə belə deyib.

Qeyd edək ki, Lənkəran seçimlərinin qaliblərini milli final gözləyir. Həlledici final mərhələsində Azərbaycanın müxtəlif bölgələrindən gələn komandalar yarışacaq.

Turnirin yaş həddi 18-25 olsa da, bu il ilk dəfə hər komandada 2 oyunçunun yaşının 25-dən yuxarı olmasına icazə verilib.

Ümumilikdə 100-dən çox komandanın iştirak etdiyi futbol turnirinin qalibi "Neymar Jr’s Five" yarışının Dünya Finalına vəsiqə qazanacaq. Ölkəmizdə seçim mərhələləri Lənkəranla yanaşı Şəki, Gəncə, Quba və Bakı şəhərlərində keçiriləcək. Milli final isə, mayın 6-da Bakıda təşkil olunacaq.

Futbol oynamağı sevən gənc oğlanlar və qızlar, turnirdə iştirak edə bilərlər. Qeyd edək ki, Dünya Finalı Neymarın vətəni Praya-Qrandidə, "Instituto Projeto Neymar Jr" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə