Güləşçilərimiz Bolqarıstanda daha 3 medal qazanıblar

Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir başa çatıb. SİA-nın məlumatına görə, sayca 55-ci dəfə baş tutan turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edib.

Güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 3 bürünc medalla başa vurublar.

İkinci yarış günündə 66, 75, 85, 130 kq yunan-Roma, 61, 70, 86, 125 kq sərbəst və 53, 58, 63, 75 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurublar.

Yunan-Roma güləşi üzrə 66 kq-da mübarizə aparan Kamran Məmmədov yarımfinalda koreyalı rəqibini məğlub edib və finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Türkiyə idmançısı ilə gərgin keçən görüşdə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qadın güləşi yarışlarında mübarizə aparan Nataliya Sinişin (58 kq) həlledici görüşdə Almaniyadan olan rəqibinə qalib gələrək turnirin bürünc medalına sahib olub.

Bürünc medal görüşünə çıxan sərbəst güləşçimiz Ruslan Dibirhacıyev (70 kq) son görüşdə Moldovalı rəqibinə tam üstünlüklə qalib gəlib və turnirin bürünc medalını qazanıb.

Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 2 qızıl və 5 bürünc medalla başa vurub. 2 qızıl (Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq)) və 1 bürünc (Taleh Məmmədov (59 kq)) yunan-Roma güləşçilərimizin, 3 bürünc medal (Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq)) sərbəstlərin payına düşüb. Qadın güləşçilərimiz isə 1 bürünc medal (Nataliya Sinişin (58 kq)) qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə