Səfir: “Azərbaycan dostluğun möhkəmləndirilməsi, sülh və əminamanlığa böyük töhfələr verir” AÇIQLAMA

Səfir: “Azərbaycan dostluğun möhkəmləndirilməsi, sülh və əminamanlığa böyük töhfələr verir” AÇIQLAMA

"Bu gün dünyada İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Azərbaycan İslam aləminin mühüm bir hissəsidir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin bir çox müsbət tərəfləri var. Özünün mədəniyyəti, tarixi ilə fəxr edən müsəlman ölkəsi Azərbaycan dünyəvi ölkədir, tolerant, multikultural dövlət olaraq, dünyaya açıqdır və İslamın əsl ruhunu göstərir". Bunu SİA-ya açıqlamasında Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimi deyib".

O qeyd edib ki, Azərbaycan dostluğun möhkəmləndirilməsi, insani dəyərlər, sülh və əminamanlıq, birgəyaşayışa böyük töhfələr verir, sülhsevər siyasət yürüdür: "Biz Azərbaycanda bunun şahidi oluruq. Burada müxtəlif xalqların, dinlərin nümayəndələrinin dostluq və qardaşlıq, həmrəylik, sülh, sabitlik şəraitində yaşadığını görürük. Bu xalqların nümayəndələri də Azərbaycanın daha da inkişaf və tərəqqi etməsi üçün çiyin-çiyinə çalışırlar. IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbayan İslam ölkələri arasında əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur".

Səfir vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının müstəqil dövlət olan Azərbaycanda təşkili, bu ölkənin müsəlman dünyasına verdiyi böyük töhfədir: "Digər tərəfdən isə, qeyd edim ki, Azərbaycan idman ölkəsidir və dünya miqyasında imic qazanıb. Biz fələstinli olaraq Azərbaycanın dünyada idman sahəsindəki nüfuzunun yüksək səviyyədə olduğunu bilirik. 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında da biz Azərbaycanın uğurlarının şahidi olduq. Azərbaycan Avropa ölkələri ilə müqayisədə Oyunlarda Rusiyadan sonra ikinci yerə sahib oldu. Təbii ki, ölkənizin bu sahədə tarixi nailiyyətləri var. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin idman sahəsinə ayırdığı diqqət və qayğı nəticəsində ölkəniz böyük uğurlara sahib olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi idman siyəsəti Azərbaycanın bu sahədə nailiyyətlər qazanmasına gətirib çıxarıb. Ölkənizin beynəlxalq səviyyəli idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də, bu uğurların əldə olunması Azərbaycanın gücünün göstəricisidir. Birinci Avropa Oyunları keçirilən zaman ölkənizdəki bütün diplomatlar Azərbaycanın belə möhtəşəm Oyunlara ev sahibliyi etməsini və uğurla başa vurmasını yüksək qiymətləndirdilər. İlk Avropa Oyunları təşkilatçılıq işlərinin yüksək səviyyədə olması, böyük infrastruktur, açılış və bağlanış mərasimlərinin möhtəşəmliyi ilə yadda qaldı. Bütün bunlar Azərbaycanın dinamik iqtisadi və sosial inkişafını təsdiq edir, eləcə də, ölkənin müstəqillik əldə etməsindən etibarən müxtəlif sahələrdə qazandığı tərəqqi və uğurlardan xəbər verir".

O bildirib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm şəkildə keçirilməsi üçün böyük hazırlıq işləri görür: "Əminəm ki, bu Oyunlar Azərbaycanda daha əvvəl təşkil edilmiş beynəxalq tədbirlər kimi, yüksək səviyyədə keçiriləcək. Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarını keçirən gənc, dünyəvi dövlət qismində görməyimlə fəxr edirəm və belə bir tədbirin keçirilməsi münasibəti ilə sizi və özümü təbrik edirəm".

Səfir əlavə edib ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında Fələstinin 100-ə qədər idmançısı iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə