Millət vəkili: “Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının tarixində yeni səhifə açılacaq” AÇIQLAMA

Millət vəkili: “Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının tarixində yeni səhifə açılacaq” AÇIQLAMA

"Ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayır. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün böyük nailiyyətdir". Bunu SİA-ya açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Abiyev deyib.

O qeyd edib ki, Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu Oyunların da uğurla keçirilməsini təmin edəcək: "İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır. Bu Oyunlar heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən, ideologiyasından geri qalmır, Beynəlxalq Olimpiya Hərəkatı fəlsəfəsi, ideologiyası ilə üst-üstə düşür. Sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan Azərbaycanda Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarının tarixində də yeni səhifə açılacaq. Dünyanın idman arenasında özünə layiqli yer tutan Azərbaycan ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi edir. Buna son 11 ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib".

Deputat vurğulayıb ki, ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Millət vəkili bildirib ki, Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə Oyunlarda iştirak etmiş olacaqlar: "Məsələ yalnız idman, medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə