Vüqar Həşimov memorialı üzrə Təşkilat Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının və "Synergy Group"un təşkilatçılığı ilə aprelin 20-dən mayın 1-dək Şəmkirdə Avropa çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" beynəlxalq turniri keçiriləcək. Turnirin mətbuat xidmətinin məlumatında deyilir ki, yarışla əlaqədar Şəmkirdə Təşkilat Komitəsi üzvlərinin, Azərbaycan Şahmat Federasiyasının və "Synergy Group" nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

İclasda Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov turnirin yüksək səviyyədə təşkili ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov dördüncü dəfə keçiriləcək beynəlxalq şahmat turnirinin ənənə halını aldığını bildirib. Vüqar Həşimov memorialının direktoru, Təşkilat Komitəsinin sədri Fərid Hüseynov yarışın yüksək səviyyədə keçiriləcəyini vurğulayaraq deyib: "Şəmkir şəhəri artıq bütün şahmatçılar üçün doğma məkana çevrilib. Vüqar Həşimov memorialı bu gözəl şəhərdə ardıcıl dördüncü dəfə təşkil olunacaq. Əvvəlki illərdə təşkilatçılara dəstək olduqları üçün dövlət qurumlarına təşəkkür edirəm. İnanıram ki, bu mötəbər turniri bu il də yüksək səviyyədə təşkil edəcəyik".

Təşkilat Komitəsinin üzvləri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib, bu istiqamətdə müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə