Formula-1 yarışının hazırlığı ilə bağlı press-tur təşkil olunub FOTOLAR
Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti iyun ayında keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisinin hazırlıq işləri ilə tanışlıq məqsədilə media nümayəndələri üçün press-tur təşkil edib. SİA-nın məlumatına görə, öncə jurnalistlər trek boyunca hərəkət edərək Bakı Şəhər Halqasının asfalt və tribunalarının quraşdırılma işləri ilə tanış olublar.
Trekin 15 və 16-cı döngələrinin aralığındakı Niyazi küçəsində yerləşən qənbər daşlı hissəsində olan jurnalistlərə məlumat verən "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, sözügedən hissədə asfaltlama işləri aprelin ortasından etibarən səlahiyyətli orqanlarla danışıqlar aparılaraq, onların müvafiq gördüyü vaxt ərzində həyata keçiriləcək: "Mayın sonunadək trek boyunca asfaltlama işlərinin tamamilə başa çatdırılmasına çalışacağıq. Ötən il bu ərazidə asfaltlama işləri 5 gün vaxt aparmışdı. Bu il də eyni müddətə işləri görməyi planlaşdırırıq. Lakin şəhər sakinlərinin hərəkətinə maneçilik törətməmək üçün bu işləri 2 dövrədə həyata keçirmək istəyirik. Asfaltlama işlərini həm gecə, həm də gündüz aparmağı düşünürük. Əsasən də işləri həftə sonları yerinə yetirməyi planlaşdırırıq".
Sonra isə trekin ən dar - Əziz Əliyev küçəsində yerləşən 8 və 12-ci döngələrinə gedən media nümayəndələrinə T.Butçer bu hissə haqqında geniş məlumat verib. O bildirib ki, sözügedən ərazidə trekin eni 7,6 m-dir: "Buradakı asfalt qatı ötən il salınıb və bu il də yüksək səviyyədədir.Yolun kənarına dəmir lövhələr quraşdırılıb. Divarın kənarlarına isə poladdan piltələr də yerləşdiriləcək. 2017-ci ildə bolidlərə edilən dəyişikliklərə görə pilotların burada vəziyyəti necə idarə edəcəkləri hamıya maraqlıdır. Bu hissədə istər-istəməz sürət aşağı olur. Maşınları burada ram eləmək daha asan olacaq. Az təcrübəli pilotların müəyyən çətinlikləri ola bilər. Onlar da diqqətli olacaqlar".
BŞH rəsmisi vurğulayıb ki, yarış zamanı İçəri Şəhərin divarlarına heç bir zərər toxunmayacaq: "Trekin bütün yerlərində ən yüksək səviyyədə təhlükəsizlik işləri görürük. Ötən il də keçirilən yarış zamanı İçəri Şəhərin divarlarına hər hansı bir təsir olmadı. Formula-1 yarışı daha çox turistlərin İçəri Şəhərə gəlməsinə təkan oldu. Biz İçəri Şəhərin rəhbərliyi ilə yarış zamanı ərazinin daha yaxşı təhlükəsizliyi üçün lazımi tədbirləri həyata keçiririk".
Daha sonra isə Pit binasına gələn jurnalistlərə bu binada aparılan işlərlə bağlı məlumat verilib.
T.Butçer qeyd edib ki, inşaat işlərinin iyunun 1-nə qədər tam yekunlaşdırılması planlaşdırılır: "Beynəxalq Avtomobil Federasiyasının (FİA) rəsmiləri və Formula-1 komandaları gələnədək işlər başa çatmalıdır. İnşaat işləri yerli şirkətlər tərəfindən həyata keçirilir. Bu, Azərbaycanda işçi qüvvəsinin şəraitinin daha da yaxşılaşdırılması və yeni təcrübələrin qazanılması üçün imkan yaradır. Sadəcə Pit binasında deyil, trekin digər hissələri, tribunaların inşasında çalışan yerli işçilərin də təcrübə və bacarıqlara yiyələnməsi təmin edilir".
O bildirib ki, 2017-ci ildə Bakı Şəhər Halqasında heç bir konfiqurasiya dəyişikliyi olmayacaq: "Ancaq FİA bu il bizə bəzi tövsiyələr edib. Bu tövsiyələri nəzərə alaraq, Bakı Şəhər Halqasının 5 döngəsində əlavə təhlükəsizlik baryerləri , bəzi döngələrdə isə əlavə poladdan lövhələr quraşdırılacaq. Bu işlər trekdə təhlükəsizliyi daha da gücləndirmək üçün həyata keçiriləcək".
T.Butçer Formula-1 yarışına baxmaq üçün Azərbaycana gələcək turistlər və şəhər sakinlərinin böyük zövq alacaqlarını vurğulayıb.
Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai builki Formula-1 yarışının təşkilatıçılığına cəlb edilən yerli şirkətlərin daha da çox olduğunu vurğulayıb: "Ötən il Bakıda keçirilən Formula-1 yarışının təşkilatçılığına cəlb olunan şirkətlərin 60 faizi yerli, 40 faizi xarici şirkətlər idisə, builki Qran-Prinin təşkilatçılığına 80 faiz yerli, 20 faiz xarici şirkətlər cəlb olunublar. Gələn illərdə Formula-1 üzrə Azərbaycan Qran-Prisinin təşkilati işlərinin tam olaraq yerli şirkətlərin yerinə yetirəcəyinə əminəm. Bu isə yeni iş yerlərinin açılması, yeni mütəxəssislərin yetişdirilməsində önəmli rol oynayacaq"
Tom Butçer isə trekin asfalt, təhlükəsizlik baryerləri, tribunaların quraşdırılma işlərinin yerli şirkətlər tərəfindən yerinə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, Pit binasının tikintisinə isə 4 yerli şirkət cəlb olunub: "Bu Azərbaycanın qazancıdır. Burada yetişən mütəxəssislər regionda keçirilən digər tədbirlərdə də asanlıqla çalışıb təcrübələrini bölüşə bilərlər".
O vurğulayıb ki, Bakı Şəhər Halqasının asfalt örtüyü Formula-1 trekləri içərisində ən yüksək keyfiyyətə malik asfalt kimi qiymətləndirilib.
Qeyd edək ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisi iyunun 23,24,25-də keçiriləcək.
Elgün Vidadioğlu




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB