Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə üzrə beynəlxalq idman yarışları başa çatıb. SİA-ya Ukraynanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, 1-2 aprel tarixlərində keçirilən idman yarışları Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası, Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Şabran və Xaçmazın icra hakimiyyətləri, "Ekosfera" ictimai təşkilatı birgə təşkil edib. Rəsmi açılışda Azərbaycanın Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə, Xaçmaz icra hakimiyyəti başçısının müavini Etkin Mehmanov, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iştirak edib. Ukraynanın "Euromedia" kompaniyası idman yarışının əsas media tərəfdaşıdır. Yarışların birinci günü uzun məsafənin qətedilməsi Xaçmaz rayonunda baş tutub. İkinci gün isə Şabran rayonunda orta məsafə qət edilib.
Yarışlarda nazirliklərin, hüquq-mühafizə orqanlarının, ali təhsil müəssisələrinin, idman klublarının komandaları iştirak edib. Həmçinin, xarici ölkələrin, o cümlədən Türkiyə və Ukraynanın idmançıları da qatılıb. Ümumilikdə idmançıların sayı 156 olub.
Yekunda "Elita" kateqoriyası üzrə birinci yeri Sergey Teleqin, ikinci yeri Ramin Əliyev, üçüncü yeri isə səfir Aleksandr Mişenko tutub. Qadınlar arasında isə bu kateqoriya üzrə birinci yerə Fidan Mursaqulova, ikinci yerə Yelena Çerpokova, üçüncü yerə Anastasiya Lyalyakina layiq görülüb.
Qaliblərə Səmti Müəyyən Etmə İdman Federasiyasının, Gənclər və İdman Nazirliyinin diplomları, Ukraynanın "Avtokapital" şirkətinin hədiyyləri təqdim edilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB