“İrəli” İctimai Birliyi “Gənclər kuboku” təsis edib

Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində son illər ölkəmiz dünyada idman dövləti kimi tanınır, idmançılarımız mötəbər beynəlxalq turnirlərdə, Olimpiya, dünya və Avropa çempionatlarında parlaq qələbələr qazanırlar. Son illər Azərbaycanda Olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəbi Prezident İlham Əliyevin idmana yüksək diqqət qayğısı sayəsində gənclərimizin bu sahəyə marağının artmasıdır. 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, ölkəmizin ötən il 42-ci Ümumdünya Şahmat Olimpiadasına, Formula-1 yarışına ev sahibliyi etməsi və digər turnirlərin təşkili Azərbaycanın idman sahəsində qazandığı uğurların göstəriciləridir.

Bu səbəbdən "İrəli" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İslam Həmrəyliyi İli" ilə əlaqədar IV İslam Həmrəyliyi Oyunlarına dəstək istiqamətində gənclərin marağını və təşəbbüslərini nəzərə alaraq "Gənclər kuboku" təsis edib.

Layihənin məqsədi idmanın müxtəlif növləri üzrə gənclər arasında turnirlər keçirməklə sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaqdır.

Mindən artıq gəncin iştirak edəcəyi layihə çərçivəsində futbol, basketbol, voleybol, şahmat, səmti müəyyənetmə, yüngül atletika, stolüstü tennis, üzgüçülük, atıcılıq, velosiped idmanı üzrə yarışlar keçiriləcək. Layihə aprel və may aylarını əhatə edəcək.

Yarışlarla bağlı bütün məlumatların toplandığı www.youthcup.az internet səhifəsi yaxın vaxtlarda istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə