Ukraynalı idmançlar Xaçmazda yarışa qatılıb

Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə üzrə beynəlxalq idman yarışlarının açılış mərasimi keçirilib. SİA-ya Ukraynanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, tədbiri Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası, Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti birgə təşkil edib.

Ukraynanın "Euromedia" kompaniyası idman yarışının əsas media tərəfdaşıdır. Yarışlarda nazirliklərin, hüquq-mühafizə orqanlarının, ali təhsil müəssisələrinin, idman klublarının komandaları iştirak edir. Həmçinin, yarışlara Türkiyə və Ukraynanın idmançıları da qatılıb. Onlar uzun məsafədə səmti müəyyən etmə üzrə rəqabət aparacaqlar. Ukraynanın səmti müəyyən etmə xidmətinin rəhbəri beş qat Avropa çempionu, idmançı Mixail Puqaçdır.

Qonaqlar və iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə tamaşa ediblər. Qeyd edək ki, yarış iştirakçıları peşəkar idmançılar daxil olmaqla bir neçə kateqoriya üzrə mübarizə aparacaqlar. Həmçinin, yarışmaya uşaqlar və qadınlar da qatılıb. İki gün davam edəcək idman yarışının sonunda idmançılara sertifikatlar və hədiyyələr təqdim olunacaq.

Qeyd eək ki, səmti müəyyən etmə xəritə və kompasdan istifadə edərək nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...