Siyasi şərhçi: “Ermənistan başqa ölkənin potensialından istifadə etməyə çalışır” AÇIQLAMA

Siyasi şərhçi: “Ermənistan başqa ölkənin potensialından istifadə etməyə çalışır” AÇIQLAMA

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilərimizlə görüşdə həm Azərbaycan Silahlı Qüvvələrinin potensialı, həm də dövlətimizin bundan sonrakı prioritetləri və istiqamətləri haqda çox önəmli fikirlər səsləndirdi. Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan heç zaman Dağlıq Qarabağa müstəqillik verməyəcək və münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycan Prezidentinin bəyanatlarından Ermənistan və onu himayə edən ölkələr nəticə çıxartmalıdırlar". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Silahlı Qüvvələrimizin geniş potensialı, dünyanın ən güclü ordularından olması Azərbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə yaşamasının və yaxında ərazi bütövlüyümüzün təmin olunacağının göstəricisidir: "Cənab Prezident çıxışı zamanı Azərbaycan ordusunun ən müasir hərbi texnika, silah-sursatlarla təmin edildiyini və bu silahları istehsal edən ölkələrlə müqavilələr bağlandığını, eləcə də onlardan bir çoxunun ölkəmizə gətirildiyini bildirdi. Dövlət başçımız Azərbaycanın öz hərbi texnika və silah-sursatını təbliğat naminə nümayiş etdirmədiyini, lazım gələn zaman göstərəcəyini vurğuladı.

Hər kəs bilir ki, Ermənistan icarəyə götürülmüş silahları özününkü kimi nümayiş etdirir və başqa ölkənin potensialından istifadə etməyə çalışır. Azərbaycan isə özü ən müasir və geniş potensiala malik hərbi texnika və silah-sursata sahibdir. Ölkəmizdə hərbi sənayə kompleksi də ciddi şəkildə inkişaf edir. Azərbaycan artıq nəinki xarici ölkələrdən silah idxal edir, eyni zamanda ixracatçı kimi tanınır. Ölkəmizdə istehsal olunan silahlar ötən il aprel döyüşlərində çox böyük uğurla sınaqdan keçirildi".

Siyasi şərhçi vurğulayıb ki, dövlət başçımızın çıxışı zamanı toxunduğu önəmli mövzulardan biri də Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində müstəqilliyini itirməsidir: "Cənab Prezident bildirdi ki, Ermənistan öz müstəqil həyatını işğala qurban verdi.

Bu ölkənin forpost olduğunu bütün dünya bilir. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə nə iqtisadi, nə də hüquqi baxımdan heç nə əldə etməyib. Düşmən ölkə müstəqil siyasət yürüdə bilmir, regionda həyata keçirilən bütün nəqliyyat və enerji layihələrindən kənarda qalıb, küncə sıxışdırılıb. Bundan sonrakı proseslərdə Ermənistanı daha da acınacaqlı durum gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə