"Elə etməliyik ki, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanaq"

"Elə etməliyik ki, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanaq"

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edən və 0:2 hesabı ilə məğlub olan "Neftçi"nin müdafiəçisi Pavel Dreksa oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bizim üçün gözlənilməz oldu nəticə. Bəs sizin üçün necə, sürpriz olmadı?

- Oyunun bu cür nəticələnəcəyini biz də gözləmirdik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Qarşılaşma başa çatdıqdan sonra "Qarabağ"ın bizdən daha yaxşı oynadığını və buna görə qələbə qazandığını deyə bilərəm.

- Ruslan Abışovun yoxluğu məğlubiyyətdə rol oynadımı?

- Əlbəttə, Ruslanın yaxşı futbolçu olduğunu bilirik. Onun bu matçda bizə kömək etməyəcəyini də əvvəlcədən bilirdik. Bu 1-2 günün xəbəri deyil. Oyuna Ruslansız hazırlaşırdıq, oynamayacağını bilirdik. Onun əvəzinə meydana çıxan futbolçu da əlindən gələni etdi ki, yaxşı nəticə qazanaq.

- Qış fasiləsindən sonra "Qarabağ"la 1:1 hesablı heç-heçə etmişdiniz. Həmin oyunla bu matç arasında hansı fərqi qeyd edə bilərsiniz?

- "Qarabağ" bu gün daha yaxşı oynadı, nəinki qış fasiləsindən sonrakı matçda. Fərqlərdən biri də bu görüşün kubok çərçivəsində keçirilməsidi. Çempionat və kubok oyunlarında taktiki gedişlər fərqli olur. Əsas fərq isə oyunun nəticəsidi.

- Cavab oyununda revanş almaq, finala yüksəlmək mümkün olacaqmı?

- Əlbəttə, şansımız var. Hər şey mümkündür.

- Yəni 50-nin 50-yə?

- Belə deyil. Rəqib bizim meydanda qələbə qazanıb və üstünlük onların tərəfindədi.

- "Qarabağ"ın xidmətinizdə maraqlı olduğu deyilir. Bu nə dərəcədə həqiqətdi?

- Azərbaycan dilini bilmirəm və mətbuatınızı oxumuram. Ona görə nə yazıldığını bilmirəm. Bu xəbərə həqiqəti əks etdirmir, daha çox dedi-qodudu.

- Avropa Liqasına çıxmağınız üçün dördüncü pilləni tutmalısınız. "Zirə" ilə 4 xallıq fərqi aradan qaldırmaq mümkün olacaqmı?

- Şanslarımız həm çempionatda, həm də kubokda davam edir. Elə etməliyik ki, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanaq. Bu, bizim arzumuzdu.

Bütün xəbərlər Facebook səhifəmizdə