Beynəlxalq hakim: “Məcburi parter qaydasının bərpası təklif edilir” AÇIQLAMA

Beynəlxalq hakim: “Məcburi parter qaydasının bərpası təklif edilir” AÇIQLAMA

"Dünya Güləş Birliyinin I-S kateqoriyalı beynəlxalq hakimlər üçün təşkil etdiyi seminar ədalət təmsilçilərinin bilik və bacarıqlarını daha da yaxşılaşdırmasında faydalı oldu". Bunu SİA-ya açıqlamasında Azərbaycanın I-S kateqoriyalı beynəlxalq güləş hakimi Asif Şirəliyev deyib.

O qeyd edib ki, martın 24-dən 26-dək təşkil olunan seminarda güləş qaydalarına edilən yeni dəyişikliklərlə bağlı həm nəzəri, həm də praktiki təlimlər keçirilib: "Dəyişikliklər əsasən sərbəst güləşə aid idi. Seminarda fəndlərin qiymətləndirilməsi, cərimələr və digər dəyişikliklər əsaslı şəkildə izah edildi. Müəyyən təkliflər də irəli sürüldü. Bu təkliflərin 2018-ci ilin yanvarından qüvvəyə minmək ehtimalı var. Yeni dəyişikliklər Bolqarıstanda təşkil ediləcək beynəlxalq turnirdə sınaqdan keçiriləcək. Həmin qaydalar Serbiyanın Novi Sad şəhərində baş tutacaq Avropa çempionatında isə rəsmi olaraq qüvvəyə minəcək. Qeyd edim ki, Avropa çempionatına mən də dəvət almışam".

A.Şirəliyevin sözlərinə görə, güləş qaydalarına edilən dəyişikliklərlə bağlı Azərbaycanda da hakimlər üçün seminar təşkil ediləcək: "Milli və beynəlxalq hakimlərimizin yeni qaydaları öyrənməsi vacibdir. Onları yeni dəyişikliklərlə bağlı məlumatlandırmalıyıq ki, gələcək yarışlarda problemlərlə rastlaşmasınlar".

O bildirib ki, bundan öncəki dəyişikliklərdə yunan-Roma güləşində passivliyə görə tətbiq edilən məcburi parter qaydasının ləğv edilməsi narazılıqla qarşılanır: "Yunan-Roma güləşi ağır idman növüdür. Burada əsas xallar parter vəziyyəti ilə qazanılır. Sərbəst güləşdə passivliyə görə məcburi parterə ehtiyac yoxdur. Xal qazanmaq üçün fəndlər çoxdur. Yunan-Roma güləşində passivliyə görə tətbiq edilən məcburi parter qaydasının ləğv edilməsi bu növün marağını azaldır. Ona görə, həmin qaydanın yenidən bərpa olunması təklif edilir. Ancaq bu dəfə yunan-Roma güləşi qaydalarında hər hansı dəyişiklik yoxdur".

Qeyd edək ki, Bolqarıstanın Sofiya şəhərində baş tutan seminarda A.Şirəliyevlə yanaşı, Azərbaycanın digər I-S kateqoriyalı beynəlxalq güləş hakimi Hicran Şərifov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə