Milli komandamız Almaniya ilə üz-üzə gələcək

Milli komandamız Almaniya ilə üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə üz-üzə gələcək. Bugünkü görüş Azərbaycan və Almaniya milli komandalarının 5-ci dueli olacaq.

2010-cu il dünya və 2012-ci il Avropa çempionatlarının seçmə mərhələləri çərçivəsində baş tutan matçlarda almanlar üstün tərəf olublar. Həmin dönəmdə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığması rəqibə müvafiq olaraq, səfərdə 0:4 və 1:6, evdə isə 0:2 və 1:3 hesabı ilə uduzub. 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Almaniya yığması ilə səfər oyununda Vaqif Cavadov, Bakıdakı matçda isə Murad Hüseynov fərqləniblər. Lakin sözügedən hücumçular artıq Azərbaycan milli komandasına dəvət almırlar.

Rəqibin baş məşqçisi Yohaim Lövdən fərqli olaraq, R.Prosineçki oyundan əvvəl təşkil edilən mətbuat konfransında start heyətini açıqlayıb. Xorvatiyalı mütəxəssis qapını Portuqaliyanın "Boavişta" klubunda ehtiyatda qalan Kamran Ağayevə həvalə edib.

Müdafiənin mərkəzində "Qarabağ"ın üzvləri – kapitan Rəşad Sadıqovla Bədavi Hüseynov yer alacaq. Cinahlar "Qəbələ"nin formasını geyinən Məhəmməd Mirzəbəyovla Ukraynanın "Stal" klubunda çıxış edən Pavel Paşayevə tapşırılıb. Dayaq yarımmüdafiəçilər də Ağdam komandasının futbolçuları olacaq. Baş məşqçi Qara Qarayevlə Rahid Əmirquliyevə bel bağlayıb. Sağ cinahda "Qarabağ"ın digər üzvü Əfran İsmayılov, solda isə "Qəbələ"dən Cavid Hüseynov oynayacaq.

Slovakiyanın "Jilina" klubunun şərəfini qoruyan Ramil Şeydayev öndə yer alacağı halda, bir qədər geridə Almaniyanın "Aue" komandasından Dmitri Nazarov iş başında olacaq.

2018-ci il dünya çempionatının seçmə mərhələsi "C" Qrupu 20:00 Azərbaycan - Almaniya Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır) Komissar: Adrian İksari (Moldova) Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə