(Portret cizgiləri)
Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Bu, hamımız üçün böyük fəxrdir. Ölkəmizin bu ada layiq görülməsində Ulu Öndər Heydər Əliyevin və prezidentimiz İlham Əliyevin xüsusi xidmətlərinin olması danılmaz həqiqətdir. Yaradılmış şəraitdən bəhrələnən çoxsaylı idmançılarımız da uğurlu işlər görürlər.
Belə idmançılardan biri də ölkəmizin Cənub bölgəsində idmanın böks və başqa növlərinin inkişaf etdirilməsində misilsiz xidmətlər göstərən, SSRİ idman ustası, Əməkdar məqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədovdur. O, sağlığında adını Azərbaycan idmanının böks növü üzrə tarixə əbədi yazdırmış idman mütəxəssislərindən biridir.
Mart ayının 18- də doğum gününü qeyd edəcək Əlizadə Əsədovun həmin gün 62 yaşı tamama olur. Həqiqətən idman aləmində öz sözünü deməklə o, öz ömrünü çox mənalı yaşayır və yetirmələrinin də mənalı ömür yaşamasına çalışır.


Hələ özü böksla məşğul olduğu vaxtlarda dəfələrlə ölkə birinciliyinin, ümumittifaq yarışların qalibi olmuş Əlizadə Əsədov idmanın bu növü üzrə idman ustası olanda artıq tam qət etmişdi ki, Cənub bölgəsində idmanın boks növünü dirçəltmək məhz onun alnına yazılıb. Bu onun alın yazısı olmalıdır. İllər keçdi və bu çətin, ağır iş həqiqətən də onun alın yazısı oldu. Çünki öz evinin zirzəmisində Liman qəsəbəsində ( indiki Liman şəhəri) yaşayan uşaqlar üçün böks məktəbi yaradan Əlizadə müəllim o arzularla yaşayırdı ki, çətin də olsa idmanın bu növünü Cənub bölgəsində hökmən məşhurlaşdıracaq. Məşhurlaşdırdı da. Həmin "zirzəmidən" çıxan uşaqlar sonralar təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində və dünyada tanındı. SSRİ və Dünya çempionları oldular…
Ömrünün 48 ilini idmanın boks növünə həsr edən Əlizadə Əsədov keçmiş illəri yada saldıqca bəzən təəccüblənir ki, Lənkəran kimi paytaxtdan uzaq bir rayonda bu qədər idmançı yetişdirə bilib. Açığı onun bu mənalı ömrü ilə tanış olduqda və özü ilə etdiyimiz söhbət zamanı təəccübləndik ki, insanda doğrudanmı bu qədər enerji, özünə inam, güc ola bilərmi? İnsan doğrudanmı canı, qanı ilə Vətəninə, millətinə, milli idmana belə ürəkdən bağlı ola bilərmi?
Özü müəllim ailəsində 1955-ci ilin mart ayının 18-də Lerik rayonunun Züvüç kəndində dünyaya gələn Əlizadə İmran oğlu Əsədov bilmirdi ki, onun da alnına müəllimlik yazılıb. Amma atası kimi təhsil sahəsində yox, idman sahəsində. Atası İmran müəllim, əslən Masallı rayonunun Qızılağac kəndində dünyaya gələn, sonralar Liman ( keçmiş Port-İliç) qəsəbəsində yaşayan və Lənkəranda pedaqoji təhsil alan belə bir ziyalı bu ucqar dağ kəndinə təyinatla işləməyə göndərilmişdi. Əlizadə də Züvüç kənddə dünyaya gəlmişdi. Atası İmran müəllim təkcə Züvüç kənd camaatının yox, qonşu kədlərdə yaşayan insanların da sevimlisi idi. Çünki bu məktəbdə qonşu kəndlərdən də çoxlu uşaqlar təhsil alırdılar. İmran müəllim də onların yüksək bilik alması üçün əlindən gələni edirdi. Bu gün respublikada onun yetirmələri olan çoxlu ziyalılar var. Onlardan bəziləri hətta respublika səviyyəli yüksək vəzifələrdə də işləyirlər. Və müəllimləri İmran Əsədovu heç vaxt yaddan çıxarmırlar. Onun haqqında öz xatirələrini qəzetlərdə, saytlarda yazırlar. Haqında xatirə kitabı da yazıblar. Keçmiş illərin xatirə şəkillərini internetdə yerləşdirirlər.


Əlizadənin atalı-analı illəri çox uzun sürmədi. Atası İmran Əsədov 15 il bu kənddə müəllim işləyəndən sonra, Əlizadənin 5 yaşı olanda dünyasını dəyişdi. Anası Göyçək xanım 4 qızı və 2 oğlunu da götürüb, Lənkəran rayounun Liman (keçmiş Port-İliç) qəsəbəsindəki qohumlarının yanına pənah gətirdi. O, gözü ilə od götürə-götürə, böyük əzab-əziyyətlə övladlarını böyütdü. Əlizadə 17 yaşında olanda anası Göyçək xanım da bu dünyaya əlvida etdi. Ana itkisi onun üçün daha ağır oldu… Çünki atasını itirəndə onun cəmi 5 yaşı vardı. 5 yaşlı uşaq həyatda hələ hər şeyi dərk etmir. Amma 17 yaşlı Əlizadə artıq həyatın nə olduğunu, ananın ülviliyini, müqəddəsliyini yaxşı başa düşürdü…
Əlizadə birinci sinifə Liman qəsəbəsində getdi. Amma ailənin vəziyyəti ağır olduğuna görə, Əlizadəni Astara internat məktəbinə qoydular. O, uşaq yaşlarından həmyaşıdlarından özünün çevikliyi, təşkilatçılığı ilə seçilirdi. Ona görə də məktəbdə oxuduğu illərdə, həmyaşıdları ilə futbol komandası yaratmışdı. Bu futbol komandası hətta özlərindən böyük olan uşaqlarla futbol oynayanda da onları udurdu. Əlizadə uşaqlıq yoldaşlarının dediyinə görə "od-alov" olduğuna görə, onun şərəfinə həmin futbol komandasına "Alov" adı vermişdilər. Həmyaşıdları inanırdılar ki, Əlizadə gələcəkdə peşəkar futbolçu olacaq. O, özü də buna inanırdı. Amma peşə öyrənmək və ailəyə köməklik etmək məqsədi ilə Əlizadə Bakıya gəldi və Bakıxanov qəsəbəsindəki 7 nömrəli texniki-peşə məktəbinə qəbul oldu. Burada işləyən idman müəllimi Həsən Qarayev onun idman sahəsindəki inamını dəyişdi. Əlizadənin belə çevik və güclü olduğunu görüb, ona futbolla yox, boksla məşğul olmağı məsləhət bildi.

Beləliklə, 16 yaşlı Əlizadə idmanın bu növünə necə alüdə oldusa, boks onun 48 illik yol yoldaşı oldu. Bu yolda özünün böyük zəhməti ilə yüksək pillələrə qalxdı. Bu idman növü onun həyatının mayakı, güzgüsü oldu. SSRİ İdman Ustası kimi fəxri ad qazandı. Əməkdar məşqçi kimi hamının sevimlisinə çevrildi. Beynəlxalq yarışları yüksək səviyyədə idarə etdi. Həm də Beynəlxalq səviyyəli bu yarışlarda paraddan keçəndə Əlizadə Əsədov qabaqda və bütün Azərbaycan komandası isə onun ardınca getdi. Özünün dediyi kimi ən çətin məqamlarda tez-tez Həsən müəllimin ona dediyi bu nəsihətli sözləri xatırladı: "Əlizadə, oğlum! Boksdan möhkəm yapış. Xoşbəxtliyi zəhmətdə axtar. Əgər xoşbəxtliyi zəhmətdə tapmasan, deməli, heç yerdə tapmayacaqsan". Elə buna görə də müəlliminin, mənəvi atasının ümidlərini doğrultdu Əlizadə Əsədov. 16 yaşında öz yaşıdları arasında respublika çempionu oldu. Sonrakı iki ildə də bu pilləyə yüksəldi. Həmin illəri tez-tez yada salan Əlizadə müəllim, ulu öndər Heydər Əliyevlə bağlı bir görüşü də həmişə xatırlayır:
- 1972-ci ilin sonları idi. Bizim 7 nömrəli texniki peşə məktəbinə "Komsomolun 50 illiyi" adını vermişdilər. Advermə mərasimində dahi rəhbər Heydər Əliyev də iştirak edirdi. Ulu öndər "Şərəf lövhəsi" olan şəkillərə baxırdı. Mənim də şəklim ora vurulmuşdu. Dahi rəhbər şəkilləri "Şərəf lövhəsi"nə vurulan şagirdlərlə görüşən vaxt mənə yaxınlaşdıqda Həsən müəllim dedi: "Əlizadə həm əlaçı şagirddir və həm də yaxşı boksçudur". Heydər Əliyev gülümsünərək məndən hansı rayondan olduğumu soruşdu. "Lənkərandanam" dedim. Soruşdu ki, "boksu harada öyrənibsən?" Dedim ki, burada, texniki-peşə məktəbində. Lənkəranda boksla məşğul olmağa imkan yoxdur. Ulu öndər əlini çiynimə qoyub, gülümsündü və dedi: "Lənkəranda da boks məktəbi olacaq. Hökmən olacaq". Dahi rəhbərin bu sözləri elə bil ki, mənə böyük stimul, inam, qol-qanad verdi. Belə ki, texniki-peşə məktəbini bitirib, ordu sıralanına getdim. Ordudan qayıdandan sonra doğma yurda dönüb, Lənkəranda olan 7 nömrəli ərazi Nəqliyyat kontorunda tokar kimi işə başladım. Mən, mühəndis Fəxrəddin Məmmədovun yaxından maddi və mənəvi dəstəyi ilə burada boks məktəbini yaratdım. Amma texniki imkanlar zəif olduğuna görə, bu məktəbi mən hələ tam tikilib qurtarmamış evimizin zirzəmisinə köçürtdüm…".

İki illik hərbi xidməti o, Leninqrad vilayətinin Vıborq şəhərində və Murmansk vilayətinin Severomorsk- 1 şəhərində idman rotasında hərbi xidməti keçməklə, hərbi hissənin idman şərəfini qorumuşdu. Bokusçu kimi çoxlu yarışları qalib kimi tərk etmişdi. Orduda xidmət etdiyi vaxt SSRİ İdman Ustası fəxri adını almışdı. Deməli, idman sahəsində böyük təcrübə toplamışdı. Ordudan tərxis olunandan sonra yenidən Lənkərana qayıtmaqla orduda idman səhəsində qazandığı təcrübəni artıq məqçi kimi evinin zirzəmisində uşaqlara öyrədirdi. Həmin vaxt bu məktəbdə 80-dən çox yeniyetmələr, cavanlar boksla məşğul olmağa başlamışdı. Hətta qonşu rayonlardan da bura məşq etmək üçün yeniyetmələr gəlirdi…
Biz yenidən Əlizadə Əsədovla həmin günlərə qayıdırıq:
- Keçmiş illəri kino lenti kimi gözlərimin qarşısından keçirəndə, bütün elədiklərimiz mənə yuxu kimi gəlir. Təsəvvür edin ki, ətrafımda olan bütün yeniyetmələr, gənclər sanki boksla nəfəs alırdılar. Mən tokar kimi qazandığım pulla rayonda boksun inkişafına çalışırdım. Boksun sirrlərini bu cavanlara, yeniyetmələr öyrədirdim. Beləliklə, evimin zirzəmisində yaratdığım boks məktəbi burada 5 il fəaliyyət göstərdi. Uğurlarımızın sayı-hesabı yox idi. Nəinki Umumittifaq yarışlarında, eləcə də qonşu respublikalarda keçirilən Beynəlxalq yarışlardan dəfələrlə qalib kimi qayıtmışdıq. Sizə bir maraqlı hadisəni danışım. Barselona Olimpiya oyunları ərəfəsində mən SSRİ yığma komandasının məşqçisi kimi Gürcüstanın Eşera Olimpiya bazasında təlim məşq toplantısında idmançılarımızı Olimpiya oyunlarından əvvəl SSRİ birinciliyi yarışlarına hazırlayırdım. Həmin vaxtı Barselonadan gələn komanda da Olimpiyada oyunlarına qədər orada məşqlər edirdi. Onlar mənim məşq prosesimi görüb, məni və yetirməm Zahid Mehdiyevi Barselonaya işləməyə dəvət etdilər. Özü də hər cürə şərait yaratmaqla. Amma mən razılaşmadım. Çünki Vətəni qoyub getməyi heç ağlıma da sığışdırmırdım. Hətta həmin vaxtı məni Moskva şəhərindəki Lesqaft adına Moskva Dövlət Universitetinə (indiki Akademiyaya) kafedra müdiri kimi işləməyə dəvət etdilər, amma yenə də mən getmədim. Həmin vaxtı Lənkəranda keçirilən bütün "Məhsul" teatrlaşdırılmış bayram şənliklərinin də idman oyunlarını mən hazırlayırdım. Bu idman teatrlaşdırılmış səhnələrinə tamaşaçılar çox maraqla baxırdılar. Həmin vaxtlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə hər il Lənkəranda çox yüksək səviyyədə bütün SSRİ respublikalarından gəlməklə Ümumittifaq səviyyəli turnirlər də keçirirdim. Bu uğurlarımızı görən, həmin vaxt Lənkəran rayonunun birinci katibi olan mərhum İsa Məmmədov bizim üçün qısa vaxta idman zalı quraşdırmağa qərar verdi. Amma o, Lənkərandan Azərbaycan Mərkəzi Komitəsinin katibi vəzifəsinə dəyişdiriləndən sonra həmin bina yarımçıq qaldı. Mən də bu fürsətdən istifadə edib, ali idman təhsili aldım. Amma həmin imdan kompleksinin tamamlanması üçün də əzmkarlıqla çalışdım. Geri çəkilmədim. Onlarla vəzifəli adamların qapılarını döydüm. Hətta bir neçə dəfə televizorda çıxış edib, öz ürək sözlərimi də kəskin formada dedim. Lənkəranda boksa ögey münasibət haqqında kəskin danışdım. Bundan sonra boksa diqqəti artırdılar. Cənab Zeynal Nağdəliyev Lənkəran rayonuna rəhbərlik edəndə mən Lənkəran Dövlət Universitetində müəllim işlədiyimə görə orada "LDU" adlı idman klubu yaratmışdım. Həmin vaxtı şəhərdə maraqlı tədbirlər keçirirdim. Bu tədbirləri görən Zeynal Nağdəliyev təklif etdi ki, bu yarışları rayonun bütün məktəbliləri ilə birlikdə keçirim. Biz, elə də etdik və bu tədbirlər də böyük maraqla qarşılandı.


Axır ki, biz arzumuza çatdıq. İndi Liman qəsəbəsində çox yaraşıqlı idman komplesi olan, təvazökarlıqdan uzaq olsa da mənim böyük zəhmətimlə ərsəyə gələn "Cənub Regional Boks Mərkəzi" fəaliyyət göstərir. Amma onu da vurğulamaq istəymirəm ki, bu "Cənub Regional Boks Mərkəzi"ni mən yaratsam da, onun tikilməsində böyük əməyim olsa da və bu bina mənim rəhbərlik etdiyim Lənkəran "Neftçi" İdman Klubunun balansında olsa da həmin binanın giriş qapısının açarı məndə deyil. Ona görə də mən və yetirmələrim həmin idman zalından lazım olan kimi istifadə edə bilmirik. Orada respublika, dünya səviyyəli tədbirlər və yarışlar keçirə bilmirik. Çünki bizi kimlərinsə icazəsi ilə zala buraxırlar. Hətta məcbur olub, qapını açan gözətçini küçədə dayanıb gözləyirik. Yəqin ki, siz buna inanmayacaqsınız. Amma acı olsa da bu, bir həqiqətdir… Adamın özünü kirayənişin olan adamlar, öz evinə buraxmırlar… Buna nə ad vermək olar?
Əyalətdə yaşadığımıza və fəaliyyət göstərdiyimizə görə axırıncı 8 ildə Respublika Boks Federasiyasının da yadına düşmürük. Fəxri adlar, mükafatlar veriləndə də bizi yada salmırlar. Axı onlar bizə niyə belə ögey münasibət göstərirlər? Axı, günahımız nədir?.. Bax bu sualların da cavabını tapa bilmirəm.
Amma bir şeylə fəxr edirəm ki, bu uzun illərdə mənim yetirmələrimdən çoxu idmanda böyük uğurlara imza atıblar. Təvazökarlıqdan uzaq olsa da, iki əməkdar idman ustası, üç əməkdar məşqçi, üç beynəlxalq dərəcəli hakim, üç Azərbaycan Respublikasının Əməkdar məşqçisi, yeddi milli və respublika dərəcəli hakim, onlarla idman ustası və 100-dən çox ustalığa namizəd yetirmişəm. Bəhruz Hüseynov, Fərid Əsgərov və Rauf Ağayev kimi dünya çempionları mənim yaratdığım məktəbdə yetişiblər. Mənim yetirməm İlkin Ağyev Azərbaycan birinciliklərinin və çempionatlarının beş qat qalibi olub. Avropa birinciliyinin iki dəfə gümüş mükafatına layiq görülüb. Bir dəfə isə dünya çempionatında ikinci dərəcli mükafat alıb. Sonra isə İlkin Ağayev 2007-ci ildə Bakı şəhərində keçirilən dünya çemionatı yarışlarında kubalı Estrado Lazarona ikinci raunda tam üstünlüklə qalib gələlərək dünya çempionu oldu. Sonrakı illərdə isə həmin Estrado Lazaro iki qat dünya çempionu adına layiq görüldü. Olimpiya çempionatında üçüncü yeri tutdu. Amma ən dəhşətlisi budur ki, dünya çempionu olan və dünya səviyyəli yarşıların ən yaxşı boksçusu adına layiq görülən İlkin Ağayev isə həmin yarışdan sonra yaddan çıxdı. Unuduldu. Olimpiya oyunlarına isə onun yerinə başqasını apardılar. Amma nəticədə həmin boksçu elə birinci görüşdə uduzaraq Olimpiya yarışlarını erkən başa vurdu. Eləcə də İlkin Ağayevi yetişdirən mən, müəllim-məşqçi Əlizadə Əsədovun da yetirməm kimi
yüksək səviyyəli dünya yarışlarına yolumu bağladılar. Hansı səbəbdənsə məni daha Respublika və Beynəlxalq yarışlardakı hakimliyə dəvət etmirlər. Məşqçi kimi də yarışlarda iştirak etmirəm… Bu gün unudulmağımın səbəbini hələ də bilmirəm. Səbəb nədir? Kimdir günahkar? Məgər mənim günahım belə dünya səviyyəli idmançılar yetişdirməkdirmi? Doğrudanmı Azərbaycanda boks üzrə mənim kimi təcrübəli, bacarıqlı məşqçilər o qədər çoxdur ki, artıq mən yada düşmürəm?..
Öz evimin zirzəmisində yetişdirdiyim Zahid Mehdiyev 1987-ci ildə Yevpatoriya şəhərində keçirilən SSRİ Həmkarlar İttifaqları birinciliyində çempion oldu. 1988-ci ildə Rusiyanın Rastov- na Donu şəhərində keçirilən SSRİ birinciliyində də çempion kimi ən yüksək pilləyə yüksəldi. Bu iki qələbə də həmin vaxt böyük qələbələr sayılırdı. Fikirləşirdik ki, Zahid Mehdiyevə Azərbaycanda daha böyük şərait yaradılacaq və o, dünya idman pillərində ən yüksəkdə dayanmaqla respublikamıza daha böyük uğurlar gətircək. Amma elə olmadı… Ona Azərbaycanda böyük biganəlik olduğuna görə Zahid Mehdiyev Belarus respublikasına köçdü. 2008-ci ildə isə Belarusiyanı yarışlarda təmsil etməklə Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində dünya çempionatında üçüncü yerə layiq görüldü. Beləliklə, bu xidmətinə görə, ona Belarusun Əməkdar İdman Ustası fəxri adı verildi. Ali təhsilini də Minsk şəhərində aldı. Sonra isə oradan Almaniyaya köçdü. İndi özünün çoxlu yetirmələri var ki, dünya yarışlarında öz sözlərini deyirər. Zahid Mehdiyev Almaniyanın fəxri vətəndaşıdır. Həmin ölkənin boks üzrə yığma komandasının A kateqoriyalı məşqçi-müəllimidir. Əgər Zahid Azərbaycanda qalsaydı dünya səviyyəli çoxlu boksçular yetişdirərdi.
Bu yaxın günlərdə Lənkəranda olanda eşitdim ki, Əlizadə müəllimi yenidən Lənkəran Dövlət Universitetinə işləməyə dəvət ediblər. Çox sevindim. Onunla elə Universistetdə rastlaşdıq. Orada keçirilən futbol klublarının mini futbol oyununa da baxdıq. Orada olan müəllimlər dedilər ki, Əlizadə müəllim burada işə başladığı cəmin 6 ay müddətində klubun sədri kimi çox böyük işlər görüb. Bu haqda Universitetin məşqçi müəllimi Vuqar Paşayev Əlizadə müəllimin rəhbərliyi ilə gördükləri işlər haqqında danışdı:
-Əlizadə müəllimin bura klub sədri kimi gəlişi işlərimizə böyük bir təkan verdi. Onun burada işlədiyi 6 ay ərzində biz artıq 5 böyük yarış keçirmişik. Yarışlarımız çox yüksək səviyyədə olub. Qaliblər də yüksək səviyyədə Fəxri Fərmanlarla təltif olunablar. Bizim əsas məqsədimiz Əlizadə müəllimin rəhbərliyi ilə Lənkləran Dövlət Universitetində tələbə idmanını inkişaf etdirməkdən ibarətdir. Onları respublika səviyyəli yarışlara hazırlamaq istəyirik. Həm də hər bir tələbə hansı idman növü ilə məşğul olmaq istəyirsə ona lazım olan şəraiti yaratmaqdır. Sizə bir maraqlı xəbər verim. Universitetimizin futbol komandası Şirvan şəhərində keçirilən yarışlarda üç oyunda qələbə qazanıb və bir oyunu Şirvan şəhər kolleci ilə keçirdiyi oyunu 1-1 hesabı ilə başa vurub. Beləliklə, bizim komanda 10 xal toplamaqla birinci yeri tutub və ali məktəblər, kolleslər arasında Bakı şəhərində keçiriləcək yarışlara vəsiqə qazanıb. Şirvan şəhər kolleci də 7 xal toplamaqla ikinci yeri tutub və olar da həmin yaışlara vəsiqə alıblar. Yaxın vaxtlarda Bakıda keçiriləcək yarışlara gedəcəyik. İnanıram ki, oradan da qalib kimi qayıdacağıq. Çünki bizim Universitetin çox güclü futbol komandası var. Növbəti yarışı keçən ilki aprel döyüşlərdə şəhid olan övladlarımıza həsr etdiyimiz yarış olacaq. Bu da tələbə oğlanlar arasında güllə atıcılığığı üzrə olacaq yarışdır. Bu da bir növ bizim tələbələrin vətənpərvərlik ruhunda inkişafına köməklik edəcək. Sonra biz Ulu Öndərin anadan olmasının 94-cü ili ilə əlaqədar olaraq, may ayında tələbə oğlanlardan ibarət ağırlıq qaldırma üzrə yarış keçirəcəyik. Bizim ən böyük yarışımız 28 may respublika günü ilə əlaqədar olacaq. Artıq mart ayının 1-dən biz həmin yarışa start vermişik. Bu Universitet tələbələrinin fakultələr arası futzal üzrə Universitet birinciliyi yarışları olacaq. Final oyunlarını da yəqin ki, biz 25-28 may ərəfəsinə salacağıq.
Bəli mən də inanıram ki, Əlizadə Əsədovun yenidən Lənkəran Dövlət Universitetinin yeni rəhbərliyi tərəfindən bura dəvət olunması, Universitetdə idmanın əvvəlki şöhrətini geri qaytaracaq. Çünki Əlizadə Əsədov kimi mütəxəssislər respublikanın Cənub bölgəsində demək olar ki, çox azdır. Onları isə qorumaq lazımdır ki, bölgədə idmanln inkişafına köməklik edə bilsinlər. İnanırıq ki, Cənub bölgəsində boksu və idmanın bütün növlərini daha da inkişaf etdirmək üçün belə təcrübəli mütəxəssisə lazım olan bütün şərait yaradılacaq.
Biz onu döğum günü münasibəti ilə çoxminli oxucularımız, minlərlə tələbələri və idmanı sevən bütün insalar adından təbrik edirik. Ona da inanırıq ki, hələ bundan sonra Əlizadə müəllimin yetirmələri təkcə Azərbaycanda yox, dünya idman arenalarında öz sözlərini deyəcəklər. Axı onların Əlizadə Əsədov kimi əfsanəvi məşqçiləri var.
Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB