“Bakı 2017” zamanı paytaxtın küçə və yollarında xüsusi qaydalar tətbiq olunacaq SƏS TV

“Bakı 2017” zamanı paytaxtın küçə və yollarında xüsusi qaydalar tətbiq olunacaq SƏS TV

Bakıda keçiriləcək "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxtın küçə və yollarında tətbiq olunacaq xüsusi qaydalarla bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) təşkil olunmuş konfransda BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov və Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev iştirak edib.

BŞİH-in şöbə müdiri X. Ələkbərov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə keçirilməsini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq ediləcək. O bildirib ki, atılan addımların əsas məqsədi ərazidə yaşayan sakinlərin gündəlik həyatına və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatlığı minimuma endirməkdir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi K.Əliyev oyunlar zamanı yarış məkanlarının bilavasitə ətrafında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonası yaradılacağını deyib: "Bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya girişi qadağan olunacaq. İstisna olaraq, yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası, AZAL Arena, Tennis Akademiyasının ərazisində sakinlərin yaşadığını və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq onların bu ərazilərə girişini təmin etmək üçün giriş və çıxış icazəsi veriləcək. Digər yarış məkanlarında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb. İcazələr Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən veriləcək. Bunun üçün sözügedən yarış məkanlarının ətrafında tətbiq olunacaq Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar Sahələrində 14 - 31 mart tarixləri ərzində qeydiyyatdan keçməlidirlər".

O əlavə edib ki, oyunlar zamanı bütün yarış məkanlarının ətrafında nəqliyyat vasitələrinin parklanmasına məhdudiyyətlər qoyulacaq: "Bu ərazilər polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq və park olunan avtomobillər təxliyə edilərək, cərimə meydançalarına aparılacaq".

Qeyd edək ki, ümumilikdə Nəqliyyatın Hərəkətinə və Parklanmaya Nəzarət Zonaları 1-25 may tarixlərində fəaliyyət göstərəcək və bu müddət ərzində şəxsi avtomobili olan vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə